Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-575/2021 01.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsinin polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, 15.07.2021-ci il tarixli protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol düzgün tərtib edilmədiyindən və materiallar natamam olduğundan, məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən olundu ki, protokolda zərər çəkmiş şəxs haqqında məlumatlar, yəni onun adı, soyadı, atasının adı və yaşadığı ünvan, zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa bu barədə qeydlər göstərilməmiş, bununla da inzibati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi müəyyən olunur. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən zərər çəkmiş şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, iş üzrə qəbul edilmiş qərardan şikayət vermək və digər hüquqlara malikdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərdən zərər çəkmiş şəxsin adı, soyadı və atasının adı müəyyən olunsa da, onun yaşadığı ünvan barədə dəqiq məlumat olmadığından inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə zərər çəkmiş şəxsə məlumat vermək, onun İXM-nin 62.2-ci maddəsində nəzərdə tutulan hüquqlarını təmin etmək qeyri-mümkündür. Belə olan vəziyyətdə inzibati xəta haqqında işin icraata qəbul edilərək baxılması zərər çəkmiş şəxsin qanunla müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olar. Həmçinin iş materiallarında görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)- 492/2021 saylı 26.07.2021-ci il qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş protokol yuxarıda qeyd edilən natamamlığın aradan qaldırılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsinə geri qaytarılmışdır. Lakin, həmin natamamlıq aradan qaldırılmadan protokol və ona əlavə edilmiş sənədlər yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 43, 106 və 109cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Gəncə şəhər Baş Polis İdarəsi X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-575/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-575/2021
01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver