Məhkəmə qərarları › İş №3(043)-579/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-579/2022

28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-579/2022 28.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıqov Rəşad Şahin oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 28 iyun 2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş 28 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Gəncə şəhəri Nizami prospektində DYP əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, həmçinin onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə X8 əməkdaşlarını nalayiq ifadələr ilə təhqir etmiş, bu zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman əsəbi olduğundan polislərin ünvanına nalayiq ifadələr işlətmişdir, lakin o, polis əməkdaşlarına tabesizlik etməmişdir. Polis əməkdaşı tələb edən kimi patrul avtomobilinə əyləşmişdir. O, Vətən müharibəsində iştirak etmişdir və xəsarət almışdır və hazırda İİİ qrup əlil olmasına görə pensiya alır. Odur ki, bunları nəzərə alaraq onun barəsində həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, o, X8 Şöbəsində polis nəfəri işləyir. xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Nizami prospektində hərəkətdə olan zaman Niva markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa yaylarının kəsik olması səbəbindən saxlamışlar. Bu zaman adı sonradan məlum olan Şəxs küçədə insanların gözü qarşısında səs-küy salaraq, onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət etsələrdə, ondan polislərin ünvannına nalayq ifadələt işlətməməsini tələb etsələr də, Şəxs onların tələblərinə məhəl qoymamışdır. Həmin vaxt Şəxs sakitləşdirmək üçün hadisə yerinə kömək üçün post patrul xidmətinin əməkdaşlarını çağırmışlar. Hadisə yerinə 2-ci Polis Şöbəsinin əməkdaşları gələn vaxt artıq onlar Şəxs patrul avtomobilinə mindirmişdilər. Bu səbəbdən onlar post patrul xidmətinin əməkdaşlarını arxalarınca gəlmələrini demişlər. Yolda olarkən Şəxs avtomobilin içində əl-qol hərəkətləri atdığına görə təhlükəsizlik üçün o, patrul avtomobilini saxlamış və arxalarınca kömək üçün gələn post patrul xidmətinin əməkdaşları fiziki güc tətbiq edərək Şəxs sakitləşdirməyə çalışmışlar. 2-ci Polis Şöbəsinin inzibati binasının qarşısında da Şəxs öz hərəkətlərinə davam etmiş, polisin ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarından birinin jiletini dartıb cırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, o, Gəncə şəhər BPİ-nin 2-ci Polis Bölməsində polis serjantı işləyir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİin növbətçi hissəsinin göstərişi işə Nizami prospektində yaxınlaşıb DYP əməkdaşlarına köməklik etmələri tapşırılmışdır. Bundan sonra hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqda artıq yol polisi əməkdaşları Şəxs patrul avtomobilinə əyləşdirmişdilər. Bu səbəbdən onlar yol patrul xidməti avtomobilinin arxasınca getmişlər. Yolda olarkən Şəxs sürücü olan polis əməkdaşlarına əl-qol hərəkətləri etdiyinə görə sürücü avtomobili saxlamış və onlar kömək üçün yaxınlaşaraq Şəxs sakitləşdirməyə çalışmışlar. 2-ci Polis Şöbəsinin qarşısına çatdıqda Şəxs öz hərəkətlərini davam etdirərək polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət etsələr də, Şəxs öz hərəkətlərinə davam etmişdir. Həmin vaxt Şəxs onun jiletini dartıb çırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 28 iyun 2022-ci il tarixdən saat 13:00-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 28 iyun 2022-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar