Məhkəmə qərarları › İş №3(043)-580/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-580/2021

09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-580/2021 09.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş 07.08.2021-ci il tarixli 016-82482 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini X6 tərəfindən qəbul edilmiş 07.08.2021-ci il tarixli 016-82482 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X2 şikayət verərək, həmin qərarın qismən, barəsində inzibati tənbeh tətbiq edilməyə dair hissədə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN BDYPİ-nin 07.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair № 016-82482 saylı qərarı ilə vətəndaş E.Vəliyev barəsində çıxarılmış 12.05.2021-ci il tarixli EQ ******* nömrəli tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə onun barəsində 60 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. BDYP-nin həmin qərarınının 2-ci hissəsini qanunsuz və əsassız hesab edir. Qərarın təsviri hissəsində qeyd edilənlərə görə, o, 12.05.2021-ci il tarixdə MAZDA TRİBUTE minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Qərarda qeyd edilənlərlə razı deyil. Belə ki, vətəndaş E.Vəliyevə göndərilmiş DİN BDYPİ- nin 12.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ ******* saylı qərarda göstərilmişdir ki, qeyd edilən inzibati xəta 12.05.2021-ci il tarixdə saat 15:52:12-də Gəncə şəhəri V.Xuluflu küçəsinin kəsişməsində baş vermişdir. Eyni zamanda həmin qərara fotoşəkil əlavə edilmişdir. Lakin, qərara əlavə edilmiş fotoşəkil 12.05.2021-ci il tarixə deyil, 11.05.2021-ci il tarixə saat təxminən 11:20 radələrində çəkilmişdir. Belə ki, fotoşəkildən göründüyü kimi xəta törətdiyi iddia edilən MAZDA TRİBUTE MİNİK markalı 90B0802 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısında MİTSUBİSHİ PAJERO markalı ** CF *** markalı avtomobil dayanmışdır. Həmin avtomobil həyat yoldaşı, barəsində iddia edilən xəta ilə bağlı EQ ******* saylı qərar ləğv edilmiş X4 məxsusdur. Onlar birlikdə 11.05.2021-ci il tarixdə həmin yerdə olmuşlar. Buna görə dəqiqliklə deyir ki, fotoşəkil 11.05.2021-ci il tarixdə saat təxminən 11:20 radələrində çəkilmişdir. Sual olunur ki, əgər xəta 12.05.2021-ci il tarixdə saat 15:52:12-də törədilmişdirsə, bəs fotoşəkil necə olur ki, 1 gün əvvəl çəkilir? Yox əgər xəta 11.05.2021-ci ildə törədilmişdirsə, bəs protokol niyə 12.05.2021-ci il tarixdə yazılır? 12.05.2021-ci il tarixdə saat 13:00-da DYP-nin Hikmət adlı əməkdaşı həyat yoldaşı E.Vəliyevlə telefon əlaqəsi saxlayaraq qeyd edilən xətanı törətdiyini bildirmişdir. Yəni, əgər qərarda qeyd edildiyi kimi, xəta 12.05.2021-ci il tarixdə saat 15:55:12-də törədilmişdirsə, həmin gün xəta törədilməmişdən 3 saat əvvəl xətanın törədilməsi barədə necə zəng vura bilərlər? Üstəlik svetoforun hansı işığının olması fotoşəkildən görünmür. Buna görə həmin fotoşəkil həqiqətən də xətanın törədildiyi qənaətinə gəlmək üçün sübut hesab edilə bilməz. Bundan başqa həmin qərarda qeyd edilir ki, inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən video materiallar əlavə olunur. Lakin həmin qərara hər hansı videogörüntü əlavə edilməmişdir. E.Vəliyevin nümayəndəsi olaraq iştirak etdiyi məhkəmə iclaslarında o, dəfələrlə BDYP-nin əməkdaşının məhkəməyə gəlməsini və videogörüntülərin təqdim edilməsini tələb etmişdir. Lakin BDYP-nin əməkdaşı nə məhkəməyə gəlmiş, nə də videogörüntünü təqdim etmişdir. Qərarın çıxarıldığı vaxtla inzibati xətanın qeydə alındığı foto və videogörüntülərin vaxtı üst-üstə düşmədiyindən hesab edir ki, qərar da buna səlahiyyəti olmayan şəxs tərəfindən çıxarılmışdır. Buna görə o Kəpəz Rayon Məhkəməsində işə baxılarkən həmin BDYP-nin əməkdaşlarının davamiyyət kitabının məhkəməyə gətirilməsini tələb etmişdir, lakin qeyd etdiyi kimi, DYPnin əməkdaşı məhkəməyə gəlməmiş, davamiyyət kitabı məhkəməyə gətirilməmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayəti müdafiə edərək izahatında bildirdi ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən hadisə 11.05.2021-ci il tarixdə baş verməsinə baxmayaraq, inzibati xəta haqqında qərar 12.05.2021-ci il tarixdə tərtib edilmişdir. Həmin qərarda hadisənin saat 15:52-də baş verməsi göstərilib, halbuki həmin gün saat 13:00 radələrində onun həyat yoldaşına polis əməkdaşı tərəfindən zəng edilərək, həmin inzibati xətanın baş verməsi ilə bağlı məlumat verilmişdir. Bununla belə hesab edir ki, inzibati xəta haqqında qərar düzgün tərtib edilməmişdir. Çünki, fotoşəkildə göstərilən vaxt o, işıqforun qırmızı işığında keçməmişdir. Ona görə də, şikayətin təmin edilməsini, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin izahatına məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, inzibati tənbeh vermə haqqında qərar mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin polis polkovniki Elşən Kazımov tərəfindən qəbul edilmiş 12.05.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)- 370/2021 saylı 14.06.2021-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin polis polkovniki Elşən Kazımov tərəfindən qəbul edilmiş 12.05.2021-ci il tarixli, EQ ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və X3 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, inzibati xəta hadisəsinin və inzibati xəta törətmiş şəxsin məsuliyyət məsələsinin araşdırılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini Kamran Əliyev tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair” 07.08.2021-ci il tarixli, 016-82482 nömrəli qərardan görünür ki, E.Vəliyev barəsində çıxarılmış 12.05.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X2 barəsində 60 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. X2 şikayətində göstərmişdir ki, inzibati tənbeh vermə haqqında qərar inzibati xətanın törədildiyi gün tərtib edilməlidir. Lakin, Elşən Vəliyev barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkil 11 may 2021-ci il tarixdə çəkilsə də, inzibati tənbeh vermə haqqında qərar 12 may 2021-ci il tarixdə qəbul edilmişdir. Buna görə də həmin fotoşəkil sübut kimi qəbul oluna bilməz. Məhkəmə, şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, Tünzalə Vəliyeva inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəklin əslində 11 may 2021-ci il tarixdə çəkildiyini bildirsə də, E.Vəliyev barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın məzmunundan görünür ki, inzibati xəta hadisəsi 12 may 2021-ci il tarixdə saat 15:52:12-də baş vermişdir. T.Vəliyeva həmin faktı təkzib edəbiləcək mötəbər sübutlarını, yəni fotoşəklin həqiqətən 11 may 2021-ci il tarixdə çəkildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, onun dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, Tünzalə Vəliyeva şikayətdə göstərmişdir ki, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar onun svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirilməsinə görə qəbul olunsa da, o, həmin inzibati xətanı törətməmişdir. Belə ki, fotoşəkilin çəkildiyi vaxt o avtomobili ilə hərəkətdə olarkən svetoforda hərəkətə icazə verən işıq yanmış, yəni svetoforun qadağanedici işarəsi verilməmişdir. Məhkəmə, şikayətin həmin dəlilini də əsassız hesab edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İİİ bəndində svetoforun dairəvi siqnallarının mənaları göstərilmişdir: 1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıbsönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. Həmin Qanunun 60-cı maddəsinin İ-ci bəndində göstərilmişdir ki, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Qeyd olunan maddənin İİ-ci bəndində göstərilir ki, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Həmin maddənin İİİ-cü bəndində göstərilir ki, sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. İş materiallarında olan foto şəkillərdən görünür ki, Tünzalə Vəliyevanın idarə etdiyi **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun qırmızı işığı yanarkən avtomobil svetoforun qarşısında deyil, yanındadır. “Yol hərəkəti haqqında Qanun”un tələbinə görə o, svetorofun qadağanedici işarəsi verilərkən svetoforun qarşısında dayanmalı olduğu halda, hərəkətini davam etdirmiş və fotoşəkil həmin an çəkilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş 07.08.2021-ci il tarixli 016-82482 nömrəli qərar mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş 07.08.2021-ci il tarixli 016-82482 nömrəli qərar X2 barəsində inzibati tənbehin tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar