Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-581/2021 01.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş material üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş 05 aprel 2021-ci il tarixli qərar baxılması üçün 01 sentyabr 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Gəncə şəhər prokuroru tərəfindən qəbul edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar”ı nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 23 avqust 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 0,461 qram çəkidə psixotrop maddə olan metanfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və 03 aprel 2021-ci il tarixə saat 22:05 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Abad Ticarət Mərkəzinin qarşısında sərnişin kimi əyləşdiyi tanışı X1 idarə etdiyi Qazel markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobildə “Covid- 19” pandemiyası ilə bağlı sərtləşdirilmiş karantin rejiminin tələblərini tibbi maskadan istifadə etməməklə pozduğu üçün Gəncə şəhər BPİ-nin PPX-taborunun əməkdaşları tərəfindən saxlanılan zaman üzərində qanunsuz olaraq daşıyaraq saxladığı psixotrop maddəni məsuliyyətdən yayınmaq üçün tullamaq istəyərkən həmin psixotrop maddə ilə birlikdə saxlanılmışdır. Belə olan halda Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından görünür ki, Şəxs isnad olunan İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan əməl 03.04.2021-ci il tarixdə törədilmişdir. Bu halda müəyyən olunur ki, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün İXM-in 38.1-ci maddəsində nəzərdə tutulan üç aylıq müddət keçmişdir. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 109.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-581/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-581/2021
01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver