Məhkəmə qərarları › İş №3(043)-583/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-583/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-583/2021 02.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211, 232-1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, müəyyən e t d i: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə 02 sentyabr 2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211, 232-1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli, 02.09.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 27.08.2021-ci il tarixdə Gəncə şəhər M.Xələfov küçəsi 122-də yerləşən 6 saylı Ərazi Məşğulluq Filialının inzibati binasının qapı və pəncərəsini sındırmış, bununla da o, İXM-in 211, 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən, protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” adlanan İXM-in 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə (211.1), epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə (211.2) və bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə (211.3) inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 100.1.5-ci maddəsinin tələbinə görə inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi inzibati xəta haqqında protokolda dəqiq göstərilməlidir. İnzibati xəta haqqında protokolda isə Şəxs tərəfindən İXM-in 211-ci maddəsində nəzərdə tutulan hansı inzibati xətanın törədilməsi (İXM-nin 211.1, 211.2 və ya 211.3 maddəsi) dəqiq göstərilməmişdir. Digər tərəfdən inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-in 100.1.4cü maddəsinin tələbinə də əməl edilməmiş, İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın mahiyyəti protokolda göstərilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokola əsasən Şəxs həm də İXM-in 232-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilsə də, protokolda onun tərəfindən zərər çəkmiş şəxsin əmlakına vurulmuş ziyanın məbləği dəqiq göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 100.1.9-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər inzibati xəta haqqında protokolda göstərilməlidir. Göründüyü kimi, İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi zamanı onun vurduğu ziyanın məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Ziyanın məbləği müəyyən edilmədən şəxsə İXM-in 232- 1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi mümkün deyil. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211, 232-1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana – Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211, 232-1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş MN ******* nömrəli, 02.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar