Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-586/2020 17.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X7 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, X1 şəhəri, Nizami küçəsində Zabitlər evinin yaxınlığında X15 ilə mübahisə edərək ictimai qayda pozmuş və xx.xx.2020-ci il tarixdə Kəpəz Rayon Polis İdarəsinin qarşısında ucadan nalayiq ifadələr işlədərək onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmədə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X7 izahatında göstərdi ki, protokolu Gəncə şəhəri Kəpəz RPİ-nin cinayət axtarası şöbəsinin baş əməliyyat müvəkkili X5 və Gəncə şəhəri Kəpəz RPİ-nin cinayət axtarası şöbəsinin əməliyyat müvəkkili X6 xx.xx.2020-ci il tarixli raportuna əsasən tərtib etmişdir. Araşdırma zamanı müəyyən olmuşdur ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Nizami küçəsində Zabitlər Evinin yaxınlığında X8 tərəfindən törədilən xuliqanlıq hadisəsi ilə əlaqədar Şəxs Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində ifadə verməsi üçün xx.xx.2020-ci il tarixdə tərəflərindən telefon vasitəsilə şöbəyə dəvət edilmişdir. Şəxs həmin gün saat təxminən 13:45-də Kəpəz RPİ-nin inzibati binasının qarşısına gələrək polis idarəsinə çağırılmasına etiraz etmiş və küçədə ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət edərək İstintaq və Təhqiqat İdarəsində ifadə vermək üçün Gəncə şəhər BPİ-yə getməli olduğunu ona izah etmələrinə baxmayaraq, Şəxs söyüş söyməkdə davam edərək öz hərəkətlərini davam etdirmişdir və polisin qanuni tələbinə tabe olmmışdır. Buna görə də, polis əməkdaşları onun qanunsuz hərəkətlərinin qarşısının alınması və barəsində qanuni tədbir görülməsi üçün Kəpəz RPİnin növbətçi hissəsinə təhvil vermişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən onu inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 izahatında göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə X11 və X12 ilə birlikdə Gəncə şəhəri, Nizami küçəsində yerləşən Zabitlər evinin yaxınlığında X15 ilə mübahisə edərək söyüş söymüşdür. Hadisədən sonra X15 onların barəsində polisə şikayət etmişdir. xx.xx.2020-ci il tarixdə ona Kəpəz Rayon Polis İdarəsindən zəng edərək polis idarəsinə getməsi bildirilmişdir. O, Kəpəz Rayon Polis İdarəsinə çağırıldığını zənn edib oraya getmişdir. İdarənin qarşısında Turan Şıxəliyev adlı polis əməkdaşı ona Gəncə şəhər Baş Polis İdarəsinə getməli olduğunu demiş, o isə özünü günahsız hesab etdiyi üçün mübahisə etməyə başlamış və əsəbi olduğu üçün ucadan nalayiq ifadələr işlətmişdir. Hazırda etdiyi hərəkətdən peşmandır və ona yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri Kəpəz RPİ-nin cinayət axtarası şöbəsinin baş əməliyyat müvəkkili X9 ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Nizami küçəsində Zabitlər Evinin yaxınlığında Şəxs tərəfindən törədilən xuliqanlıq hadisəsi ilə əlaqədar Şəxs Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində ifadə verməsi üçün xx.xx.2020-ci il tarixdə tərəflərindən telefon vasitəsilə əlaqə saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə getməsi bildirilmişdir. Ancaq Şəxs saat təxminən 13:45-də Kəpəz RPİ-nin inzibati binasının qarşısına gələrək polisə çağırıldığı üçün etiorazını bildirmiş və küçədə ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar onu nizam-intizama dəvət etsələr də, Şəxs söyüş söyməkdə davam edərək öz hərəkətlərini davam etdirmişdir və polisin qanuni tələbinə tabe olmmışdır. Buna görə də, onun qanunsuz hərəkətlərinin qarşısının alınması və barəsində qanuni tədbir görülməsi üçün Kəpəz RPİ-nin növbətçi hissəsinə təhvil vermişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri Kəpəz RPİ-nin cinayət axtarası şöbəsinin əməliyyat müvəkkili X10 digər şahid X5 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Gəncə şəhəri Kəpəz RPİ-nin cinayət axtarası şöbəsinin baş əməliyyat müvəkkili X5 və Gəncə şəhəri Kəpəz RPİ-nin cinayət axtarası şöbəsinin əməliyyat müvəkkili X2 RPİ-nin rəisinə məruzə edərək bildirmişdilər ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Nizami küçəsində Zabitlər Evinin yaxınlığında X8 tərəfindən törədilən xuliqanlıq hadisəsi ilə əlaqədar Şəxs Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində ifadə verməsi üçün xx.xx.2020-ci il tarixdə tərəflərindən telefon vasitəsilə şöbəyə dəvət edilmişdir. Ancaq Şəxs saat təxminən 13:45-də Kəpəz RPİ-nin inzibati binasının qarşısına gələrək küçədə ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar onu nizam intizama dəvət etsələr də, İstintaq və Təhqiqat İdarəsində ifadə vermək üçün Gəncə şəhər BPİ-nə getməli olduğunu ona izah etmələrinə baxmayaraq, Şəxs söyüş söyməkdə davam edərək öz hərəkətlərini davam etdirmişdir və onların qanuni tələbinə tabe olmmışdır. Buna görə də, onlar Şəxs qanunsuz hərəkətlərinin qarşısının alınması və barəsində qanuni tədbir görülməsi üçün Kəpəz RPİ-nin növbətçi hissəsinə təhvil vermişdilər. Buna görə də göstərilənləri nəzərə alaraq, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan məlum olur ki, X8 xx.xx.2020-ci il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol, işdən olan digər materialları və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Şəxs ilk olaraq X15 ilə ictimai yerdə mübahisə edərkən cəmiyyətdə bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymadan ətrafdakı insanları narahat edən və ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər edərək səs-küy salmış, digər şəxslərə biganəlik göstərərək özünü başqa şəxslərin fövqündə tutmaqla xırda xuliqanlıq etmişdir. Bundan başqa polis idarəsi ilk növbədə qanunvericiliyə əsasən daxili işlər orqanlarının səlahiyyətlərinə aid edilmiş məsələlərlə əlaqədar vətəndaşların müraciətlərinə baxılması və s. funksiyaların yerinə yetirilməsi ilə bağlı müxtəlif şəxslərin işlədiyi, eyni zamanda müxtəlif şəxslərin gəlib-getdiyi ictimai yerdir. Şəxs barəsində aparılan araşdırma ilə bağlı etirazını bildirərkən öz hüquqlarının müdafiəsi müstəvisindən kənara çıxmış, qəsdən ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlər etməklə ətrafdakı şəxslərə etinasızlıq göstərmiş, onu sakitləşdirməyə və ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Lakin, onun hərəkətləri fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədiyindən hərəktələri düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cii il tarixli 1 saylı qərarına əsasən, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq ediliməlidir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 30 (otuz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx xxxxxxxx 2020-ci il saat 13:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-586/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-586/2020
17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver