Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-590/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ Kəpəz rayon Polis Bölməsinin sahə rəisi X3, zərərçəkmiş şəxslər X4 və X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi polis mayoru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs 07.09.2021-ci il tarixdə gecə saat 01:00 radələrində yaşadığı küçədə qonşusu X5 və arvadı X2 nalayiq sözlərlə təhqir edərək, ictimai asayişi pozmuşdur. Bununla o, İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X9 bildirdi ki, Şəxs 07.09.2021-ci il tarixdə gecə saat 01:00 radələrində yaşadığı küçədə qonşusu X5 və arvadı X2 nalayiq sözlərlə təhqir edərək, ictimai asayişi pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü təqsirli bilərək, izahatında bildirdi ki, 07 sentyabr 2020-ci il tarixdə gecə saat 2 radələrində o, Bakı şəhərindən gəlirdi və yorğun idi. Zərərçəkmiş isə avtomobili pis saxladığına görə yanından keçən zaman güzgüsünə dəyərək qırmışdır. X17 avtomobilin sahibi, yəni qonşusu evdən çıxdı və onlar mübahisə etməyə başladılar. Birinci onun qonşusunun yoldaşı Gülnaz onu söymüş daha sonra isə o, Rəfini və onun yoldaşını söymüşdür. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, həmin vaxt əsəbi olduğu üçün özünü cilovlaya bilmədiyini, bir daha belə əməllərə yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 bildirdi ki, o, küçələri dar olduğuna görə avtomobili qapının ağzında saxlayıb, yatmışdır. Gecə saat 2 radələrində səs-küyü eşidib küçəyə çıxdıqda, Seymur maşınının güzgüsünü qırıb, özünün də onun ünvanına nalayiq söyüşlər söydüyünü görmüşdür. O, Seymurdan sakitləşməsini istəsə də Seymur daha da aqressivləşmiş, onun və həyat yoldaşının ünvanına ağır təhqir ifadələri işlətmiş, hətta yeni vəfat etmiş qızını belə söymüşdür. Bundan sonra həyat yoldaşı ilə birlikdə evə daxil olub qapını bağlamış və polisə məlumat vermişdir. Polis əməkdaşları gələnədək Seymur təhqirlərinə davam etmiş, ondan söyüşlə bayıra çıxmasını tələb etmişdir. Bütün bu səs-küyə ətrafdakı qonşular toplanmışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 bildirdi ki, o, hadisə zamanı küçəyə çıxdıqda əri ilə Seymurun mübahisə etdiyini və Seymurun ərinə söyüş söydüyünü görmüşdür. Bundan sonra o da mübahisəyə müdaxilə etdikdə Seymur onun da ünvanına söyüşlər söymüş, onların yeni vəfat etmiş qızının ünvanına da söyüş söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, tərəflər hər ikisi onun qonşusudur. Gecə saat 02 radələrində evdə olduğu zaman səs-küy eşidib küçəyə çıxdıqda görmüşdür ki, tərəflər bir-birinə söyüş söyür. Mübahisə qurtardıqdan sonra Seymur çıxıb evə getdi. Bundan sonra polis əməkdaşları gəlib onu aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, tərəflər hər ikisi onun qonşusudur. Gecə saat 02 radələrində evdə yatdığı zaman səs-küy eşidib küçəyə çıxdıqda görmüşdür ki, Seymur və zərərçəkmiş şəxslər bir-birinin ünvanına söyüş söyürlər. O və küçədəki digər qonşular Seymuru sakitləşdirib evlərinə aparmış, bir qədər sonra polis əməkdaşları gəlib Seymuru polis idarəsinə aparmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07.09.2021-ci il tarixdə, saat 02:00-da inzibati qaydada tutulmuşdur. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Şəxs ümumi qəbul edilmiş birgə yaşayış qaydalarına zidd olaraq başqa şəxslərin dincliyini pozaraq ucadan səsküy salaraq və söyüşlər söyərək X10 və X6 ilə mübahisə etmiş, bununla İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 05 (beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 07 sentyabr 2021-ci il saat 02:00dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-590/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-590/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver