Məhkəmə qərarları › İş №3(043)-593/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-593/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-593/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Gəncə şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, Kəlbəcər rayonu, İstisu qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 08 sentyabr 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1482/2017 saylı, 14.08.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək 180 manat sabit pul məbləğində alimentin tutularaq, tələbkar X1 hesabına ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsulliyətə cəlb olunacağı barədə xəbərdarlıqlar tərəfimizdən təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu borcundan heç bir ödəniş etməmişdir. Nəticədə icra sənədi üzrə 9360 (doqquz min üç yüz altmış) manat borc qərəzli olaraq ödənilmir.Borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, lakin birmənalı olaraq idarəyə gəlməyəcəyini bildirmişdir. Buna görə də, 28.07.2021-ci il tarixdə Kəlbəcər rayon Polis İdarəsinə borclunun axtarılması barədə qərar göndərilmişdir. 08.09.2021 -ci il tarixdə borclunun Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi Kəlbəcər Rayon Polis əməkdaşları tərəfindən təmin olunmuşdur və həmin tarixdə verdiyi izahatında 9360 manat borcunun olduğunu, borcu ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 protokolun məzmununa uyğun izahat verərək Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə baxmayaraq icra sənədini icra etmədiyini, icra məmurunun çağırışlarını almaqdan və icra idarəsinə gəlməkdən boyun qaçırdığını və hazırda da məcburi gətirilməsi nəticəsində polis əməkdaşları tərəfindən gətirildiyini bildirərək onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, birinci dəfə 120 manat məbləğində alimenti tələbkara vermiş, lakin tələbkar pulu uşaqlar üçün xərcləməmişdir. Onun çörək pulu kartı da 2017-ci ildən tələbkardadır, hər ay həmin kartın hesabına 60 manat məbləğində pul keçir. Hazırda işləmədiyi üçün aliment ödəyə bilmir. Lakin ona möhlət verilərsə işləyə və hər ay 300 manat aliment ödəyə bilər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahat verib bildirdi ki, məhkəmə qətnaməsi qəbul edildiyi tarixdən bu günə qədər borclu cəmi bir dəfə 120 manat məbləğində aliment ödəmiş, daha sonra indiyədək bircə dəfə də olsun ödəniş etməmişdir. Dəfələrlə ondan aliment ödəməsini tələb etsə də, o alimenti ödəməkdən qəsdən yayınır və hazırda Şəxs ona olan borcu 9360 manat təşkil edir. Şəxs aliment ödəməsə də içki məclisi təşkil etməyə, özünə bahalı mobil telefon almağa imkan tapır. Bu da onun alimenti ödəməkdən qərəzli olaraq yayındığını təsdiq edir. Buna görə də Şəxs barəsində ən ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1482/2017 nömrəli, 14.08.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından 04 iyun 2008-ci il tarixdə doğulmuş X8 və 08 oktyabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa 90 manat olmaqla, iki uşağa görə cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 11.10.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1482/2017 nömrəli, 14.08.2017-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Mehdiyev X9 Rayon Məhkəməsinin 2(040)-1482/2017 nömrəli, 14.08.2017-ci il tarixli icra icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, dörd ildən artıq müddət ərzində alimentin ödənilməsi üçün heç bir addım atmamaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, pul tələbi ilə bağlı icra sənədinin icra edilməsindən boyun qaçıran şəxsə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə tənbehin məqsədinə nail olmaq və onu intizamlandırmaq mümkün deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədlərinə nail olmağa imkan verir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 08 sentyabr 2021-ci il saat 15:55-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar