Məhkəmə qərarları › İş №3(043)-597/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-597/2020

21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-597/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1986-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Goranboy rayonu, Todan kənd orta məktəbində müəllim işləyən, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ətrafında olan ünvansız fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Gəncə şəhəri DYP xidmətinin əməkdaşı və BPİ-nin polis nəfərlərinin qanunu tələblərini yerinə yetirməmişdir. Bununla da onun tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi polis mayoru X2 izahat verərək bildirdi ki, protokolu Gəncə şəhər DYPŞ-nin inspektoru polis baş serjantı Tural İsmayılovun, Rauf Quliyevin və Gəncə şəhər BPİ-nin polis serjantı Ruslan Abbasovun raportlarına əsasən tərtib etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər DYPŞ-nin inspektoru polis baş serjantı Tural İsmayılov və Rauf Quliyev xx.xx.2020-ci il tarixdə saat təxminən 17:00 radələrində **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul maşında N.Gəncəvi prospektində xidmət apardıqları zaman “Niva” markalı **-EF-*** dövlət qeydiyyatlı avtomaşının portal vasitəsilə yoxlanılması zamanı sürücü Şəxs avtomobili idarə etmək üçün səlahiyyətinin olmadığını məlum edib “saxla” işarəsi vermişlər. Bu zaman Şəxs idarə etdiyi avtomobili dayandırmışdır. Polis əməkdaşı Şəxs yaxınlaşaraq, onu hansı səbəbdən saxladığını izah etmişdir və yenidən portal vasitəsilə yoxlama zamanı məlum olmuşdur ki, Şəxs avtomobili idarə etmək üçün ümumiyyətlə etibarnaməsi və sürücülük hüququ yoxdur. Polislər Şəxs izah etmişdirlər ki, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdiriləcək, lakin Şəxs atasının vəfat etdiyini və onun üçün etibarnaməsinin olmadığını bildirmişdir. Polislər yenidən Şəxs qanunu izah edib hətta etibarnaməsi olsa belə sürücülük hüququ olmadan avtomobili idarə edə bilməyəcəyini, buna görə də avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirdikdə, Şəxs avtomobilə əyləşərək, avtomobili qaçırmağa cəhd göstərmiş, lakin polis əməkdaşları onun qarşısını almış, eyni zamanda Şəxs nizam intizama dəvət etmişlər. Lakin o, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq, avtomobilin duracağa getməyəcəyini bildirmişdir. Bundan sonra DYPŞ-nin əməkdaşları hadisə yerinə ərazi üzrə post patrul xidmətini çağırmışdılar. Hadisə yerinə 4640 çağırışlı post patrul avtomobili gəlmiş və polis əməkdaşları Şəxs nizam intizama dəvət etsələr də, o buna əsəbləşərək, polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətmiş və bildirmişdir ki, avtomobili polisin üzərindən sürüb onları öldürəcək. Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən onu inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixdə atasına məxsus idarə etdiyi 20-EF- 132 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri Nizami Gəncəvi prospektindən yaşadığı ünvana doğru hərəkətdə olan zaman, yolda olan zaman DYP əməkdaşları ona “saxla” əmri vermişdilər. O, öz növbəsində avtomobili dayandırmışdır. DYP əməkdaşı ondan idarə etdiyi avtomobilin sənədlərini istəmişlər. O da cavab vermişdir ki, atası vəfat edib, qışa hazırlıq üçün qaz sobası almışdır və bu halın nəzərə alınmasını xahiş etmişdir. Lakin DYP əməkdaşı ona “nə edim ki, atan ölüb” ifadəsini işətmişdir. Polisin bu sözləri ona pis təsir etmişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır və buna görə də polis əməkdaşına qarşı kobud ifadə işlətmişdir. Bundan sonra DYP əməkdaşları hadisə yerinə əməliyyat qrupunu çağıraraq onun post patrul xidmətini avtomobilinə əyləşməsini tələb etmişdilər. Lakin o PPX-nın avtomobili ilə getmək istəmədiyi üçün etiraz etmişdir. Bundan sonra polis əməkdaşları onun zorla avtomobilə əyləşdirərək Kəpəz RPİ-nə gətirmişdir. Hazırda hərəkətindən çox peşmandır və əsəbi olduğu üçün həmin hərəkəti etmişdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DYPŞ-nın inspektoru polis baş serjantı Tural İsmayılov ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 17:00 radələrində **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul maşında N.Gəncəvi prospektində xidmət apardıqları zaman “Niva” markalı **-EF-*** dövlət qeydiyyatlı avtomaşının portal vasitəsilə yoxlanılması zamanı sürücünün sürücülük vəsiqəsi olmadığını məlum edib saxla işarəsi vermişdilər. Bu zaman sürücü avtomobili saxlamışdı. Ekipaj yoldaşı R.Quliyev sürücüyə yaxınlaşaraq onun hansı səbəbdən saxladığını izah etmişdir və yenidən portal vasitəsilə yoxlama zamanı məlum olmuşdur ki, sürücünün etibarnaməsi və sürücülük hüququ yoxdur. Onlar sürücüyə izah etmişdilər ki, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdiriləcək, lakin sürücü atasının vəfat etdiyini bildirmiş və onun üçün də etibarnaməsinin olmadığını demişdir. Onlar yenidən ona qanunu izah edib avtomaşının duracağa gedəcəyini bildirdikdə sürücü, adı sonradan onlara məlum olan Şəxs avtomaşına oturaraq maşını qaçırmağa cəhd göstərsə də, ekipaj yoldaşı onun qarşısını almış və onlar bu zaman sürücünü nizam-intizama dəvət etsələr də, sürücü onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, avtomobilin duracağa getməyəcəyini bildirmişdir. Şəxs qanunsuz hərəkətinin qarşısını almaq üçün, ərazi üzrə post patrul xidmətini çağırmışdılar. Hadisə yerinə 4640 çağırışlı post patrul gəlmiş və polis əməkdaşları ilə birlikdə Şəxs nizam intizama dəvət etsələr də, o buna əsəbiləşərək, onun ünvanına nalayiq ifadələr işlətmiş və bildirmişdir ki, avtomobili onların üzərindən sürüb onları öldürəcək. Bu zaman polislər Şəxs post patrul avtomaşınına dəvət edərək onu ərazi üzrə Kəpəz RPİ-nə gətirərək növbətçi hissəyə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DYPŞ-nın inspektoru polis baş serjantı Rauf Quliyev digər şahid Tural İsmayılovun ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci tarixli raportlardan məlum olur ki, DYPŞ-nın inspektoru polis baş serjantı Tural İsmayılov və Rauf Quliyev rəislərinə müraciət edərək Şəxs ictimai qaydanı pozması və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması barədə məlumat verərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol, özünün və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, habelə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyası həddində 120 (bir yüz iyirmi) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar