Məhkəmə qərarları › İş №3(043)-599/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-599/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-599/2020 18.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər Prokurorluğundan daxil olmuş materiala baxaraq müəyyən etdim: Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək məhkəməyə göndərilmişdir. Qərarı nəzərdə keçirib hesab edirəm ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərarda göstərilir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 05 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində idarə etdiyi Kia Optima markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən karantin qaydalarını pozduğu üçün saxlanılmış, daha sonra Nizami Rayon Polis İdarəsinə aparılmış, burada üzərindən narkotik vasitə aşkar edildiyi üçün barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Qərarda Şəxs məhz hansı hərəkəti ilə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduğu, bu pozuntunun hansı sübutlarla təsdiq edildiyi göstərilməmiş, qərara Şəxs inzibati xətanı törətməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyasında həbs nəzərdə tutulduğundan həmin işə dərhal baxılmalıdır. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gətirilməmiş, eyni zamanda yuxarıda da qeyd edildiyi kimi Şəxs karantin qaydalarını pozmasına dair sübutlar materiala əlavə edilməmişdir. İşin dərhal baxılmalı olduğu nəzərə alındıqda həmin nöqsanların məhkəmə baxışında aradan qaldırılmasının mümkün olmadığı aydın görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə əsasən prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar Gəncə şəhər prokurorluğuna geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar Gəncə şəhər prokurorluğuna geri qaytarılsın. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar