Məhkəmə qərarları › İş №3(043)-604/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-604/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-604/2021 10.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu ödənilmiş, Ağdam rayonu, Şelli kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 2 saylı yataqxanada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in polis sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 10 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 09 sentyabr 2021-ci il tarixdə saat təxminən 19:00 radələrində Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin inzibati binasında ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etmiş polisin qanuni tələbini pozmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in polis sahə rəisi, polis mayoru X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 09.09.2021-ci il tarixdə Gəncə şəhər 4-cü mikrorayon 2 saylı yataqxanada yaşayan X3 DİN-nin 102 xidmətinə zəng edərək yeznəsi Samirin əlində bıçaqla onları hədələdiyini bildirmişdir. Daxil olmuş məlumatla əlaqədar Kəpəz RPİ-nin əməliyyat qrupu göstərilən yerə gedərək münaqişə yaradan vətəndaş Şəxs Kəpəz RPİ-nə gətirərək növbətçi hissəyə təhvil vermişdir. Şəxs sərxoş vəziyyətdə Kəpəz RPİ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ünvansız söyüş təhqirlər edərək növbətçi hissənin iş rejimini pozmuşdur. Polis əməkdaşı onu dəfələrlə nizam intizama dəvət etsə də o öz əməllərini davam etdirmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs onun sahə rəisi olduğu ərazidə yaşayır və onun əvvəllər barəsində şikayət olmamış, sakit bir vətəndaş kimi tanımışdır. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xətanı törətdiyini etiraf edərək ifadəsində bildirdi ki, fəhləlik edərək ailəsini dolandırır. Həmin zaman sərxoş olmuş və Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin inzibati binasında səs-küy salmış, polisə tabe olmamışdır. Özünü təqsirli bilir və hazırda etdiyi əməldən səmimi peşmandır. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını və himayəsində 5 yaşlı azyaşlı uşağının olmasını nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, 09.09.2021ci il tarixdə Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin inzibati binasında xidmətdə olmuşdur. O, növbətçi hissədə olan zaman Şəxs gətirmişlər. Şəxs həmin zaman içkili olmuş və onun dediklərinə məhəl qoymayaraq, ucadan nalayiq ifadələr işlətmiş və səs-küy salmış, növbətçi hissənin iş rejimini pozmuşdur. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, şahid ifadəsi və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Belə ki, Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin inzibati binası ictimai yerdir. Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək ictimai qaydanı və polisin növbətçi hissənin iş rejimini pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq həm də İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də X8 İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Eyni zamanda məhkəmə əlavə olaraq qeyd edir ki, Şəxs 09.09.2021-ci il tarixdə saat 18:30-dan 10.09.2021-ci il tarixə saat 16:30-dək inzibati qaydada tutulması nəzərə alınmalıdır. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09.09.2021-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar