Məhkəmə qərarları › İş №3(043)-605/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-605/2020

22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-605/2020 22.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, X8 Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 mənzil 103 ünvanında qeydiyyatda olan və yaşayan, hazırda Gəncə şəhər Baş Polis İdarəsinin Müvəqqəti saxlama yerində saxlanılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat təxminən 18:00 radələrində tanışları Ruslan və Ramin adlı tanışları ilə birlikdə X4 qarşı dələduzluq yolu ilə onun 50 manat məbləğində pulunu ələ keçirmişdir. Bununla da onun tərəfindən İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən X8 Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X3 protokolda qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokolda qeyd olunan hərəkət həqiqətən də onun tərəfindən törədilmişdir. Hazırda dələduzluq yolu ilə ələ keçirdiyi 50 manat məbləğində pulu zərərçəkmiş şəxsə geri qaytarmış və onuna barışıq əldə etmişdir. Buna görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak zərərçəkmiş şəxs X5 bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat təxminən 18:00 radələrində Şəxs iki nəfər başqa şəxslə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində onun idarə etdiyi taksiyə əyləşmiş, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Megastore marketin qarşısında ondan 50 manat pul alaraq soyuducu gətirəcəyini və onun orada gözləməsini deyərək naməlum istiqamətdə getmiş, etibarından sui istifadə edərək ona 50 manat məbləğində ziyan vurmuşdur. X5 məhkəməyə ərizə təqdim edərək, Şəxs ona vurduğu zərəri tam həcmdə ödədiyini, Şəxs ilə barışdığını, hazırda ondan heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, ərizəsinin məhkəmə tərəfindən nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs oğunun dələduzluq yolu ilə özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsi ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata vurulmuş ziyanı tam şəkildə ödəməklə zərərçəkmiş şəxslə barışdığı üçün xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar