Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-605/2021 11.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin polis sahə rəisi X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 10 sentyabr 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, 09.09.2021-ci il tarixdə Şəxs Kəpəz rayonu, Kimyaçılar küçəsində Gəncə şəhəri BPİ-nin PPXT-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ Kəpəz RPİ-nin polis sahə rəisi X5 bildirdi ki, 09.09.2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhər BPİ-nin əməkdaşları X4 və X1 şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində xidmətdə olarkən sonradan Şəxs olduğunu bildikləri şəxsin əlində bıçaq olduğu halda bir nəfər qadın cinsindən olan şəxsin saçlarından tutaraq sürüdüyünü görmüş və ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz hərəkətini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu zərərsizləşdirmiş və Kəpəz RPİ-yə gətirib təhvil vermişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsinə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə vaxtı yanındakı qadın onun qızı olmuşdur. Qızı bir müddətdir ki, bibisinin, yəni onun bacısının yanında olmuşdur. O, qızının bacısıgildə qalması ilə razı deyil. Buna görə də gedib qızını bacısıgildən gətirmişdir. Qızı onunla gəlmək istəmədiyi üçün onun saçlarından tutub dartmışdır. Bu zaman post-patrul avtomobili yanında dayanmış və iki nəfər polis əməkdaşı yaxınlaşaraq ondan əlindəki bıçağı yerə qoymasını və qızı buraxmasını tələb etmişlər. O isə yanındakı şəxsin qızı olduğunu bildirmiş və polis əməkdaşlarından onun işinə qarışmamasını tələb etmişdir. Bu zaman polis əməkdaşları onun əlindəki bıçağı almış, özünü isə polis avtomobili ilə Kəpəz RPİ-yə gətirmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün ifadəsi, barəsində tərtib edilmiş protokol və raportla öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 10.09.2021-ci il tarixli raportdan görünür ki, 09.09.2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhər BPİ-nin əməkdaşları X4 və X1 şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində xidmətdə olarkən sonradan Şəxs olduğunu bildikləri şəxsin əlində bıçaq olduğu halda bir nəfər qadın cinsindən olan şəxsin saçlarından tutaraq sürüdüyünü görmüş və ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz hərəkətini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu zərərsizləşdirmiş və Kəpəz RPİ-yə gətirib təhvil vermişlər. 09 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:40-da inzibati qaydada tutulmuşdur. 09 sentyabr 2021-ci il tarixli sərxoşluq vəziyyətinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs müayinə edilərkən alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla, o cümlədən barəsində icraat aparılan şəxsin izahatı ilə müəyyən edildi ki, Şəxs 09 sentyabr 2021-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində ictimai qaydanın qorunması üzrə öz vəzifələrini yerinə yetirən Gəncə şəhər BPİ-nin əməkdaşları X4 və X3 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İnzibati xətaya görə məsuliyyəti istisna edən hallar müəyyən edilməmişdir. Buna görə də Şəxs AR İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 09 sentyabr 2021-ci il saat 20:40-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-605/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-605/2021
11.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver