Məhkəmə qərarları › İş №3(043)-606/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-606/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-606/2021 13.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş materiallar baxılması üçün 13 sentyabr 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin polis sahə rəisi X7 tərəfindən tərtib olunmuş 13 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 17.08.2021-ci il tarixdən 18.08.2021-ci il tarixinə keçən gecə X2 məxsus qazel markalı avtomobildən 160 manat dəyəri olan akkumlyatoru və 30 manat dəyəri olan maqnitafonu oğurlamışdır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş xırda talama əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona isnad olunan əməl üzrə özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, zərər çəkmiş şəxs X2 məxsus avtomobildən həqiqətən maqnitafon oğurlamışdır. Lakin, həmin avtomobildən o, akkumlyator və avtomobilin sənədlərini oğurlamamışdır. Törətdiyi əmələ görə çox peşmandır. Ailə vəziyyətinin nəzərə alınaraq, ona yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X3 izahatında bildirdi ki, 12.08.2021-ci il tarixdən 18.08.2021-ci il tarixədək olan müddətdə avtomobilini yaşadığı evin qarşısında saxlamışdır. 18.08.2021-ci il tarixdə avtomobilinə əyləşib mühərriki işə salmaq istəmiş, lakin işə sala bilməmişdir. Sonra avtomobilin mühərrik hissəsini açdıqda görmüşdür ki, avtomobilin akkumlyatoru yoxdur. Daha sonra avtomobilin salonuna baxdıqda maqnitofonun və avtomobilə aid sənədlərin olmadığını görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27.08.2021-ci il tarixli qərardan görünür ki, yuxarıda qeyd olunan əməli törətmiş şəxsin əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTBnə göndərilmiş, vətəndaşın şikayət ərizələri əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Material üzrə araşdırma zamanı verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Gəncə şəhəri, Krılov küçəsi ev 22-də yaşayan X2 məxsus Qazel markalı, 59BC923 dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsini və qapısını açma yolu ilə istifadə olunmuş dəyəri 160 manat olan 1 ədəd akkumlyator və 30 manat olan bir ədəd pioner markalı maqnitafon oğurlamış şəxsin, xx.xx.1993-cü ildə Gəncə şəhərində doğulmuş, Gəncə şəhəri, N.Nərimanov küçəsi ev 4 mənzil 5-də yaşayan Şəxs olduğu müəyyən edilmişdir. “İnzibati qaydada tutma haqqında” 11 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 16:00da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu 11 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 11 sentyabr 2021-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar