Məhkəmə qərarları › İş №3(043)-607/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-607/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-607/2021 13.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Xocalı rayonu Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, İİ qrup əlil, məhkumluğu ödənilmiş, Xocalı rayonu Kosalar kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Kəpəz rayonu, Yeni qəsəbə 2, 13-cü küçə, mənzil 136-da yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 bildirdi ki, borclu xx.xx.1984-cü i! tarixində Xocalı rayonu, Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs İsmayıllı rayon məhkəməsinin 2(037)- 4/20 saylı, 24.12.2019-cu il tarixli icra sənədinə əsasən 19.06.2019-cu il tarixdən başlayaraq, 30.03.2017-ci il təvəllüdlü X1 və 14.01.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək borclu Şəxs hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs aliment borcu 7020 manat təşkil edir. Hal-hazırda isə heç bir ödəniş etmək iqtidarında deyil. Qeyd edək ki, borclu Şəxs İİ qrup əlilliyə görə 259 manat sosial pensiya alır. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş idarəsi ilə Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə X8 Şəxsi arasında elektron sənəd mübadiləsi ilə bağlı pensiya və təqaüdlərin tutulması üçün mexanizm hazırlanmadığından borclunun aldığı pensiyadan tutqu aparılması mümkün olmamışdır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirdi ki, borclunun avtomobili və ya öz adına evi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs izahatında bildirdi ki, 2-ci qrup əlildir və ayda 259 manat pensiya alır. O, poçt vasitəsilə tələbkar Zərərçəkmiş şəxs dəfələrlə pul göndərmişdir və onun evinə bazarlıq edib qapılarına asmışdır. Tələbkar da bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə şikayət etmişdir ki, evinə basqın edir. Gəncə şəhər İcra İdarəsinin icra məmuru X5 demişdir ki, pensiya kartını versin və həmin məbləği tələbkara versin. Onun heç bir təqsiri yoxdur, bütün təqsir icra məmuruna görə olmuşdur. Özünü təqsir bilmir. Ona icra məmuru tərəfindən xəbərdarlıqlar və bildirişlər təqdim edilmişdir. Oktyabr ayında bankdan 2000 manat məbləğində kredit götürüb tələbkara verəcəkdir. Hazırda bank kredit vermir, lakin daimi olaraq pensiya təyin olunduqdan sonra kredit verəcəkdir. Odur ki, məhkəmədən ödəniş edə bilməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs müdafiəçisi Vəkil çıxışında bildirdi ki, borclu Şəxs borcunu ödəməsi üçün vaxt verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, onun borclu Şəxs ilə birgə nikahlarından anadan olmuş uşaqlardan ikisi xəstədir. Borclu heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikasının ölkə rəhbərliyinin qəbulunda olmuşdur və uşaqlarının müalicəsini dövlət edir. Borclu uşaqlarına baxmır, onlarla maraqlanmır yalnız öz istirahəti ilə məşğuldur. O, hazırda 6 uşağa baxır. Ona olan aliment borcu 7020 manatı təşkil edir və həmin məbləği tələb edir. Borclunun nikahı çoxdur və başqa uşaqları da vardır. Borclu digər şəxslərlə yaxınlıq edərək onlardan təmənna güdür və sonra telefonunu söndürür. Borclunun bir neçə bankdan kredit götürüb qaytarmadığından ona heç bir bank kredit vermir. Sadəcə borclu hər dəfə olduğu kimi, yenə yalan vədlər verərək onu yenə aldatmağa çalışır, əvvəllər ona vaxt verilməsini bildirmiş, lakin heç bir manat aliment ödəməmişdir. O, vaxt verilməsini istəmir və aliment borcu olan 7020 manat pulu istəyir. O, 2000-3000 manat pula razı deyil, birdəfəlik ödənilməsini istəyir və ya oktyabr ayında borlcu 7020 manat aliment borcunu versin sonra isə hissə-hissə pulu ödəyər. Odur ki, borclu Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi üzrlü səbəb olmadan icra edilməmiş, icra sənədi üzrə 7020 manat borcu yaranmış və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-4/2020 nömrəli, 24 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən 18 iyun 2019-cu il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq 30 mart 2017-ci il tarixdə doğulmuş X1 və 14 yanvar 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Zərərçəkmiş şəxs verilməsi qət edilmiş və borclu tərəfindən icra edilməmə nəticəsində 7020 manat borcu qalmışdır. Borcun məbləğindən məlum olur ki, borclu tərəfindən uzun müddətdə icra sənədində göstərilən borc məbləğindən heç bir ödəniş edilməmiş və bu hal onu deməyə əsas verir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə razılaşmamış və məhkəmə qətnaməsinin və öhdəliyinin tam icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. Belə ki, iş materiallarından aydın olur ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 4/2020 nömrəli, 24 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən, 18 iyun 2019-cu il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq 30 mart 2017-ci il tarixdə doğulmuş X1 və 14 yanvar 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, həmin icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildirişlər və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, Elektron Məhkəmə sistemindən çıxarılmış Şəxs pensiya məlumatından görünür ki, Şəxs İİ qrup əlilliyə görə 259 manat müavinət alır. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Tərəflərin ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ikinci qrup əlil olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2.-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və ikinci qrup əlil olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Vəkil ödənilməsi üçün işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 18 (on səkkiz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə həvаlə edilsin. Şəxs oğluna hüquqi yardım göstərilməsinə görə müdafiəçi Vəkil ödənilməsi üçün dövlət büdcəsinin hesabına 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar