Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-609/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin DYPŞ-nin YNH inspektoru, polis baş leytenantı X3, zərər çəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X10 şöbəsindən daxil olmuş materialdan görünür ki, vətəndaş Şəxs 11.09.2021-ci il tarixdə saat 23:40 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla bağlı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək onun barəsində İXP ******* saylı 12.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol baxılması üçün material ilə birlikdə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında bildirdi ki, Şəxs 11.09.2021-ci il tarixdə saat 23:40 radələrində VAZ 21154 minik markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxs X2 idarə etdiyi “Nissan Sunny” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bu səbəbdən onun barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında bildirdi ki, 11.09.2021-ci il tarixdə dostu X1 olduğuna görə ona məxsus VAZ 21154 minik markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində “Nissan Sunny” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Həmin vaxt qeyd olunan nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmamışdır. Törətdiyi əmələ görə çox peşmandır. Onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında bildirdi ki, 11.09.2021-ci il tarixdə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində idarə etdiyi “Nissan Sunny” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə VAZ 21154 minik markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Lakin, onun avtomobilinə ciddi maddi ziyan dəymiş və ona dəymiş maddi ziyan ödənilməmişdir. Hesab edir ki, bu cür sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən şəxslər cəmiyyət üçün çox təhlükəlidir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərər çəkmiş şəxs X2 Gəncə şəhəri BPİ-nin DYPİ-nə verdiyi izahatından görünür ki, 11.09.2021-ci il tarixdə saat 23:40-da Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində onun idarə etdiyi avtomobil ilə VAZ 21154 minik markalı **- NM-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə zamanı onun avtomobilinə maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Gəncə şəhəri BPİ-nin DYPİ-nə verdiyi izahatından görünür ki, o, 11.09.2021-ci il tarixdə saat 23:40 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində idarə etdiyi VAZ 21154 markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işıqforun qadağan edici işığında yolayrıcına daxil olan zaman “Nissan Sunny” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı onun avtomobili idarə etmək hüququ olmamışdır. İş materialları ilə müəyyən olunur ki, VAZ 21154 markalı **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Şəxs sürücülük hüququ olmamışdır. “Avtomotoservis və ticarət Müəssisəsi”nin 12.08.2021-ci il tarixli qüsur aktından görünür ki, “Nissan-Sunny” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2100 manat zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə yanaşı, həmçinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X10 Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X10 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-609/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-609/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver