Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-617/2020 25.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Kəpəz RPİ-nin inzibati binasında və Kəpəz RPİ-nin qarşısında uca səslə səs küy salaraq, nalayiq ifadələr işətmiş və onu nizam intizama dəvət edən post polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, protokolu Gəncə şəhər Kəpəz RPİ-nin polis baş leytenantı Sübhan Cəfərovun xx.xx.2020-ci il tarixli Abbasovun raportuna əsasən tərtib etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 12:35 radələrində Kəpəz RPİ-də məsul növbətçi vəzifələrini yerinə yetirən zaman Kəpəz RPİ-nin inzibati binasına daxil olan Şəxs özünü (ad-soyadını) təqdim etməyən təxminən 40-45 yaşlarında olan şəxs (kişi) şikayəti ilə heç kimin maraqlanmadığını bildirib özünün “Qarabağ əlili” olduğunu xüsusilə vurğulamaqla yüksək tonda nalayiq formada danışıb səs-küy salmağa başlayaraq ardınca təhqiramiz ifadələrdən istifadə edib N/H-nin iş fəaliyyətini pozmuş və daha sonra inzibati binanın həyətinə çıxaraq karantin rejimini pozduğuna görə Kəpəz RPİ-nə gətirilən vətəndaşların yanında nalayiq söyüşlərdən istifadə etməklə həmin şəxslərin diqqətini özünə cəlb etməyə sövq edən hərəkətlər törətmişdir. İdarədə xidmət aparan polis əməkdaşları həmin şəxsi dərhal sakitləşdirmək üçün N/H-nə gətirən zaman yüksək səslə “Qarabağ əlili” olduğunu yenidən vurğulayıb polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin şəxsiyyətinə və valideynlərinə dəfələrlə söyüş söyüb təpiklə qarın nahiyəsinə zərbə endirməyə çalışmışdır. Xidmət aparan polis əməkdaşları Şəxs dəfələrlə sakitləşdirməyə çalışsalar da, onu nizam-intizama dəvət etsələr də, o öz hərəkətlərini davam etdirərək N/Hnin iş fəaliyyətini kobud surətdə pozmuşdur. Şəxs qərəzli hərəkətləri xeyli müddət davam etmiş, başını və bədənin müxtəlif nahiyələrini idarənin divar səthinə vuraraq polis tərəfindən döyülməsi ilə bağlı yuxarı instansiya orqanlarına şikayət edəcəyini bildirmişdir. Polis əməkdaşı Şəxs həmin hərəkətlərinin qarşısını almaq üçün qanuna uyğun olaraq əl-qolu bağlama xüsusi vasitəsini tətbiq edib onu zərərsizləşdirmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrindənəzərdətutulaninzibati xətanıtörətməsiişmateriallarıilətam sübuta yetirildiyindən onu inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o ərizə ilə polis idarəsinə müraciət etmiş, lakin polis idarəsindən ərizəsi cavablandırılmamışdır. Bu səbəbdən də, o Kəpəz RPİ-ə getmişdir. Polis idarəsinin inzibati binasında olan zaman Növbətçi Hissənin əməkdaşları ilə söhbət etmişlər və onun ərizəsinə baxan polis əməkdaşının hansı otaqda olduğunu öyrənməyə çalışmışdır. Bundan sonra polis əməkdaşlarından biri onun ünvanına söyüş söymüş, cavab olaraq o da polisə söymüşdür. Bu zaman aralarında mübahisə olmuşdur. Daha sonra o polis idarəsinin həyətinə çıxmış, lakin orada heç kəsə söyməmişdir. Polis idarəsinə sərxoş vəziyyətdə getməkdə hər hansı məqsədi olmamışdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X1 RPİ-nin rəisinə məruzə edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 12:35 radələrində Kəpəz RPİ-də məsul növbətçi vəzifələrini yerinə yetirən zaman Kəpəz RPİ-nin inzibati binasına daxil olan özünü (adsoyadını) təqdim etməyən təxminən 40- 45 yaşlarında olan şəxs (kişi) şikayəti ilə heç kimin maraqlanmadığını bildirib özünün “Qarabağ əlili” olduğunu xüsusilə vurğulamaqla yüksək tonda nalayiq formada danışıb səs-küy salmağa başlayaraq ardınca təhqiramiz ifadələrdən istifadə edib növbətçi hissənin iş fəaliyyətini pozmuş və daha sonra inzibati binanın həyətinə çıxaraq karantin rejimini pozduğuna görə Kəpəz RPİ-yə gətirilən vətəndaşların yanında nalayiq söyüşlərdən istifadə etməklə həmin şəxslərin diqqətini özünə cəlb etməyə sövq edən hərəkətlər törətmişdir. O və İdarədə xidmət aparan digər polis əməkdaşları həmin şəxsi dərhal sakitləşdirmək üçün növbətçi hissəyə gətirən zaman yüksək səslə “Qarabağ əlili” olduğunu yenidən vurğulayıb onun və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onun şəxsiyyətinə və valideynlərinə dəfələrlə söyüş söyüb təpiklə qarın nahiyəsinə zərbə endirməyə çalışmışdır. O və digər xidmət aparan polis əməkdaşları adı sonradan məlum olan Şəxs dəfələrlə sakitləşdirməyə çalışsalar da, onu nizam-intizama dəvət etsələr də, o öz hərəkətlərini davam etdirib növbətçi hissənin iş fəaliyyətini kobud surətdə pozmuşdur. Həmin şəxsin qərəzli hərəkətləri xeyli müddət davam etmiş, başını və bədənin müxtəlif nahiyələrini idarənin divar səthinə vuraraq polis tərəfindən döyülməsi ilə bağlı yuxarı instansiya orqanlarına şikayət edəcəyini bildirmişdir. O, Şəxs həmin hərəkətlərinin qarşısını almaq üçün “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin İİ hissəsinin 10-cu bəndinə uyğun olaraq əl-qolu bağlama xüsusi vasitəsini tətbiq edib onu zərərsizləşdirmişdir. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan məlum olur ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 14:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2020-ci il tarixli 1270/2020 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşu olmuşdur. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol, raport və özünün qismən etirafedici ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Belə ki, Kəpəz RPİ vətəndaşlara müxtəlif məsələlər üzrə xidmət göstərən inzibati orqan olmaqla İdarənin binası hər kəsin gəldiyi ictimai yerdir. Digər tərəfdən İdarədə çoxsaylı əməkdaşlar çalışır. Şəxs öz hərəkətləri ilə idarənin normal iş ahəngini pozmuş, insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq həm də İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs polis əməkdaşı tərəfindən onun ünvanına nalayiq ifadələr işlədilməsinə görə polis əməkdaşını söyməsi barədə dedikləri inandırıcı olmamaqla yanaşı, hər bir halda ictimai qaydanın pozulmasına haqq qazandırmır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq ediliməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati xətaları sərxoş vəziyyətdə törətməsini İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və inzibati məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx xxxxxxxx 2020-ci il saat 14:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-617/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-617/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver