Məhkəmə qərarları › İş №3(043)-617/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-617/2021

20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-617/2021 20.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Goranboy rayonu, Sarov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 475 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 18 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 18 sentyabr 2021-ci il tarixdə saat 18:15 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospekti, Z.Hacıyev küçəsi kəsişməsində ilkin baxış da sərxoş halda küçədə ucadan səs-salaraq nəlayiq ifadələr işlətmiş, onu intizama dəvət edən polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in CAŞ-nın əməliyyat müvəkkili, polis baş leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 18.09.2021-ci il tarixdə saat təxminən 18:15 radələrində 9.16.17 saylı marşrutda Gəncə şəhər BPİ-nin PPXT-nun polis əməkdaşları xidmət apararkən, Gəncə şəhəri BPİ-nin növbətçi hissəsi radiostansiya vasitəsilə Gəncə şəhəri Z.Hacıyev küçəsi ilə H.Əliyev prospekti kəsişməsində bir neçə nəfər şəxsin dava-dalaş etmələri bildirilmiş və kömək məqsədilə hadisə yerinə digər polis nəfərləri göndərilmişdir. Hadisə yerinə çatan zaman adları onlara sonradan məlum olan X5 və Şəxs ictimai yerdə uca səslə nalayiq ifadələr işlətdiyini görüb onlara yaxınlaşmışlar və onları nizam intizama dəvət etmişlər. Bu zaman onlar, rəhbər heyətə və dövlətə qarşı nalayiq ifadələr işlətməyə başlamışdır və ictimai asayişi kobud şəkildə pozmuşlar. Dəfələrlə onları nizam intizama dəvət etsələr də onlar öz əməllərini davam etdirmişdir. Buna görə də adları yuxarıda qeyd olunan X5 və Şəxs tərəflərindən Kəpəz RPİ-nə gətirilmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, dörd il həbs növündə cəza çəkmiş, hasırda məhkumluğu ödənilmişdir. O, 18.09.2021-ci il tarixdə Dəmiryol vağzalının yaxınlığında Samir adlı tanışı ilə kafedə oturub 2 ədəd 0,7 lt araq içmişlər, sonra tanımadığı bir şəxs gəlmiş onunla da bir ədəd 0.7 lt araq içmişlər və sərxoş olmuşlar. Bundan sonra kafedən çıxıb evlərinə getmək istəmişlər, yolla gedərkən dostu Samir yol kənarında olan çayçıda oturub çay içməyi təklif etmiş, o da razılaşmışdır. Həmin çayçıda Samirlə tanımadı sərxoş olan şəxs arasında mübahisə başlamış və dava düşmüşdür. O da aralarına girmişdir ki, onları aralasın. Lakin, mübahisə edən şəxs sərxoş olduğundan elə bilmişdir ki, o da mübahisə etməyə gəlib. Həmin vaxt ona kapron stolun atıldığını görüb o, da qənd qabını götürüb həmin şəxsə atmışdır. Mübahisə çayçıda yolun kənarında açıq ərazidə olmuşdur. Bundan sonra polis əməkdaşları gəlmiş və həmin vaxt mübahisə artıq səngimiş, mübahisə qurtarmışdır. Ona polis əməkdaşları polis idarəsinə getməsini bildirmiş o isə heç bir etiraz etmədən polis avtomobilinə öz razılığı ilə minmiş, polis tərəfindən ona heç bir irad bildirilməmişdir. Hazırda etdiyi əməldən peşmandır, barəsindən həbslə bağlı olmayan tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin PPXT-nin polis nəfəri, polis kiçik serjantı X7 ifadə verərək bildirdi ki, Gəncə şəhəri, BPİ-nin PPXT-nin polis nəfəri, polis kiçik serjantı Elvin Məmmədovla xidmət apararkən Gəncə şəhəri BPİ-nin növbətçi hissəsi radiostansiya vasitəsilə Z.Hacıyev küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində bir neçə nəfər şəxsin mübahisə etmələrini bildirmiş və kömək məqsədilə hadisə yerinə getmişlər. Hadisə yerinə çatan zaman sakitlik olduğunu müşahidə etmişlər. Hadisə barədə məlumat almaq üçün ətrafa baxdıqları zaman adı sonradan onlara məlum olan X5 onlara yaxınlaşaraq onu polis rəisinin yanına aparmalarını tələb etmişdir. Onlar hadisə ilə bağlı gəldiklərini, polis rəisinin qəbuluna müstəqil olaraq özünün gedə biləcəyini Samirə izah etdikdə Samir səsini qaldırmış, onların və ümumilikdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar Samiri sakitləşdirməyə çalışsalar da Samirin sərxoş vəziyyətdə olduğunu hiss etmişlər və Samir onların tələblərinə məhəl qoymayaraq ictimai qaydanı pozmaqda davam etdiyinə görə onu polis avtomobilində Kəpəz RPİ-yə aparmışlar. Emil Quliyev onlara qarşı heç bir kobud hərəkət etməmiş, onların qanuni tələblərini pozmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş BPİ-nin PPXT-nin polis nəfəri, polis kiçik serjantı X4 da eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-in Post Patrul Xidmətinin serjantı X8 ifadəsində bildirdi ki, 4692 saylı patrul maşınında olarkən ratsiya ilə onlara bildirilmişdir ki, dəmiryol vağzalı tərəfdə dava var. Onlar köməyə getmiş və həmin əraziyə çatdıqları zaman mübahisə artıq qurtarmış, sərxoş halda mübahisə edən Şəxs və digər şəxslər olması onlara bildirilmişdir. Polisin qanuni tələbinə əsasən Şəxs sakit halda avtomobilə əyləşmiş və polis idarəsinə aparılmışdır. O, Şəxs polisin qanuni tələbinə tabe olmamasını görməmişdir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 1109/2021 nömrəli, 18.09.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluq müayinəsindən imtina etmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdə və şahid ifadələrində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmir. Həmçinin Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Belə ki, məhkəmə prosesi zamanı da şahid qismində dindirilmiş polis əməkdaşları da Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamasını görmədiklərini bildirmişlər, əksinə Şəxs Polis İdarəsinə dəvət edən zaman razılaşmış və post patrul xidmətinə məxsus olan avtomobilə sakit formada əyləşərək polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə getmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və şahidlərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs X11 оğlu hаqqındа inzibаti tənbeh tətbiq edilməsi məsələsini müzаkirə edərkən оnun məsuliyyətini yüngülləşdirən hаllаrı müəyyən etməmişdir. Eyni zamanda məhkəmə Şəxs inzibati xətanın X5 birgə törətməsini və sərxoş halda inzibati xəta törətməsini ağırlaşdırıcı hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.5. və 33.1.7-ci maddələrinə görə inzibati xətanın bir qrup şəxs tərəfindən və sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, yüngülləşdirici halın olmamasını, ağırlaşdırıcı halların olmasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18.09.2021-ci il tarixdə, saat 18:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, həmin maddənin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli inzibati qaydada tutulduğu 18 sentyabr 2021-ci il tаrixdən, saat 18:45-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X6 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar