Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-618/2021 20.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 20 sentyabr 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X2 tərəfindən tərtib olunmuş 18 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 18.09.2021-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti ilə Z.Hacıyev küçəsinin kəsişməsində sərxoş halda dava-dalaş edərək nalayiq ifadələr işlətmiş, onu intizama dəvət edən polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X2 izahatında göstərdi ki, Şəxs 18.09.2021-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti ilə Z.Hacıyev küçəsinin kəsişməsində dəmir yolu vağzalının yaxınlığında yerləşən kafedə dostu X5 ilə yeib-içdiyi zaman sərxoş halda uca səslə səs-küy salıb mübahisə edərək ictimai qaydanı pozmuş, hadisə yerinə gəlmiş polis əməkdaşları onu nizam-intizama dəvət etdikdə polis əməkdaşlarının ünvanına da nalayiq ifadələr işlətmiş, onların qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 18.09.2021-ci il tarixdə 18:15 radələrində Gəncə şəhəri, Z.Hacıyev küçəsi ilə H,əliyev küçəsinin kəsişməsində dəmir yolu vağzalının yaxınlığındakı kafedə dostu X5 ilə yeyib içmiş, bir miqdar araq qəbul etmişdir. Bundan sonra sərxoş olduğu üçün kafedəki başqa şəxslərlə mübahisə etmiş və söyüş söymüşdür. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşlarını gördükdə onlara yaxınlaşmış, onu rəislərinin qəbuluna aparmağı tələb etmişdir. Polis əməkdaşları ondan sakitləşməsini tələb etsələr də sərxoş halda olduğu üçün onlarla da kobud danışmış, nalayiq ifadələr işlətmişdir. Sərxoşluq vəziyyətindən ayıldıqdan sonra etdiyi səhvi başa düşmüşdür. Hazırda əməlindən peşmandır və polis əməkdaşlarından üzr istəyir. Bütün bunları nəzərə alıb barəsində yüngül tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin PPXT-nin polis nəfəri, polis kiçik serjantı X4 ifadə verərək bildirdi ki, Gəncə şəhəri, BPİ-nin PPXT-nin polis nəfəri, polis kiçik serjantı Elvin Məmmədovla xidmət apararkən Gəncə şəhəri BPİ-nin növbətçi hissəsi radiostansiya vasitəsilə Z.Hacıyev küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində bir neçə nəfər şəxsin mübahisə etmələrini bildirmiş və kömək məqsədilə hadisə yerinə getmişlər. Hadisə yerinə çatan zaman sakitlik olduğunu müşahidə etmişlər. Hadisə barədə məlumatalmaq üçün ətrafa baxdıqları zaman adı sonradan onlara məlum olan Şəxs onlara yaxınlaşaraq onu polis rəisinin yanına aparmalarını tələb etmişdir. Onlar hadisə ilə bağlı gəldiklərini, polis rəisinin qəbuluna müstəqil olaraq özünün gedə biləcəyini Samirə izah etdikdə Samir səsini qaldırmış, onların və ümumilikdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar Samiri sakitləşdirməyə çalışsalar da Samirin sərxoş vəziyyətdə olduğunu hiss etmişlər və Samir onların tələblərinə məhəl qoymayaraq ictimai qaydanı pozmaqda davam etdiyinə görə onu polis avtomobilində Kəpəz RPİ-yə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş BPİ-nin PPXT-nin polis nəfəri, polis kiçik serjantı X3 da eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 24 iyul 2021ci il tarixdə saat 18:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan sərxoşluq hallarının təyini məqsədilə aparılan tibbi müayinə haqqında protokoldan görünür ki, Şəxs 18.09.2021-ci il tarixdə müayinə edilrkən alkoqol sərxoşluğu müayinəsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahidlərin ifadələri ilə sübuta yetirilir. Şəxs heç bir əsas olmadan sərxoş vəziyyətdə ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı, yəni ümumi qəbul edilmiş davranış qaydalarını pozan hərəkətlərə qəsdən və təqsirli olaraq yol vermiş, bu zaman onu nizam-intizama dəvət edən və ictimai qaydanın qorunması üzrə öz vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Onun bu hərəkətləri özünün etirafedici ifadəsi ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. İnzibati xətanın sərxoş halda törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halı nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 18 sentyabr 2021-ci il saat 18:45-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-618/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-618/2021
20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver