Məhkəmə qərarları › İş №3(043)-622/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-622/2021

08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-622/2021 08.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X8 tərəfindən qəbul olunmuş 30 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərardan X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X8 tərəfindən 30 iyun 2021-ci il tarixdə qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsu X5 göstərdi ki, X4 tərəfindən 01 may 2019-cu il tarixdə İRAK DİŞ. TİC. LTD. ŞTİ ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 13038,69 ABŞ dolları pul köçürülmüş, köçürülmüş pul vəsaitinə uyğun olaraq 13086,84 ABŞ dolları dəyərində mallar 07.05.2019-cu il tarixdə Azərbaycan Respublikasına idxal edilmişdir. Göründüyü kimi, malların idxal edilməsi üçün nəzərdə tutulmuş müddət -2 il ötürülməmişdir. Lakin, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yuxarıda qeyd olunan köçürməyə uyğun olaraq malların iki il ərzində Azərbaycan Respublikasına idxal edilmədiyi əsas götürülməklə barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən “İnzibati tənbehvermə haqqında” Qərar qəbul edilmişdir. Göründüyü kimi, E.Haqverdiyev tərəfindən qabaqcadan edilmiş ödəniş müqabilində mallar qanunvericiliklə müəyyən olunmuş müddət ərzində Azərbaycan Respublikasına idxal edilmişdir. Ona görə də, E.Haqverdiyevin hərəkətində inzibati xəta hadisəsi olmadığından qeyd olunan qərar ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Mərkəzi Bankının direktoru X8 tərəfindən 30 iyun 2021-ci il tarixdə qəbul olunmuş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə 1303,87 ABŞ dolları manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş 24 aprel 2019-cu il tarixli müqavilədən görünür ki, İRAK DİŞ TİC LTD ŞTİ ilə X4 arasında 13038,69 ABŞ dolları dəyərində plastik ev ləvazimatlarının alğısatqısına dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş 01 may 2019-cu il tarixli köçürmə ərizəsindən görünür ki, 01 may 2019-cu il tarixdə 13038,69 ABŞ dolları X4 tərəfindən Bank VTB (Azərbaycan) ASC vasitəsilə İRAK DİŞ. TİC. LTD. ŞTİ-nin X11 A.Ş. hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 07.05.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 13086,84 ABŞ dolları dəyərində mallar Türkiyə Respublikasından İRAK DİŞ TİC. LTD. ŞTİ-dən X6 tərəfindən idxal edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X7 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən iki il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tənbehin verilməsi üçün əsas olmuş sübutları məhkəməyə təqdim etməmişdir. Barəsində icraat aparılan şəxs tərəfindən verilmiş sənədlərdən isə xaricə köçürülmüş vəsaitin əvəzinə malların idxal olunması öz təsdiqini tapmışdır. Beləliklə E.Haqverdiyevin hərəkətlərində inzibati xəta tərkibinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 122 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 inzibati tənbeh verilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X8 tərəfindən qəbul olunmuş 30 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar