Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-626/2021 22.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, X4 Polis İdarəsinin Gəncə X5 Polis Şöbəsinin (bundan sonra Gəncə XPŞ) İTB-nin baş inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Azərbaycan küçəsi, dalan 9, ev 33-də qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN – 5Z7NFC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə XPŞ-nin İTB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə XPŞ-nin İTB-nin baş inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 22 sentyabr 2021-ci il tarixli MN ******* saylı protokolda qeyd edilmişdir ki, Şəxs 22.08.2021ci il tarixdə saat 21:20 radələrində Gəncə Dəmir yolu vağzalında yerləşən kafedə şübhəli şəxs kimi saxlanılmış, üzərinə baxış keçirilmiş və üzərindən 0,256 qram qurudulmuş marixuana aşkar edilmişdir. Bununla da Şəxs İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə XPŞ-nin İTB-nin baş inspektoru X3 protokola uyğun izahat verərək bildirdi ki, 22.08.2021-ci il tarixdə saat 21:20 radələrində Şəxs Gəncə dəmiryolu vağzalında yerləşən kafedə şübhəli şəxs kimi saxlanılmış, üzərinə baxış keçirilmiş və üzərindən 0,256 qram qurudulmuş marixuana aşkar edilmişdir. Şəxs X2 206-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə dəmiryol vağzalının yaxınlığında yaşayır. 22.08.2021-ci il tarixdə saat 14 radələrində evə gedərkən yerdə bükülü vəziyyətdə 1 manatlıq əskinas görmüş və həmin əskinası yerdən götürərək baxmışdır ki, içərisində narkotik vasitə olan marixuana var. O, bükülünü cibinə qoymuş və evə getmişdir. Saat təxminən 21 radələrində Gəncə dəmiryol vağzalında yerləşən kafedəki otaqda marixuananı çəkmək yolu ilə qəbul etmək istəyəndə iki nəfər özlərini polis kimi təqdim edən mülki geyimli şəxs onu polis şöbəsinə aparmışlar. Üzərinə baxış keçirilən zaman həmin marixuana aşkar edilərək götürülmüşdür. Törətdiyi əməldən peşmandır, bir daha belə əmələ yol verməyəcəkdir. Ona görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsindən verilmiş 23 avqust 2021-ci il tarixli 16/869 saylı ekspert rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Şəxs” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd salfet bükümün içərisində olan, 1 ədəd üzərində heç bir əmtəə yazıları olmayan siqaretin içərisində tütün hissəcikləri və təmiz çəkisi -0,256 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmə narkoloji ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 1113 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyət cəlb olunmasını, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayətdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-626/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-626/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver