Məhkəmə qərarları › İş №3(043)-634/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-634/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-634/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi X3 və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası, Goranboy rayonu, A.Məmmədov, 3 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından (21735/61AAY084 nömrə nişanlı yük nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük rəisinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn yüklər **********2911 saylı 30.08.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Qeyd olunan nəqliyyat vasitəsinə 31.08.2021-ci il tarixdə baxış keçirilən zaman gömrük bəyannaməsinin 1-ci mal mövqeyinə aid masa üzərində istifadə olunan şüşə məmulatının (istehsalçı : X7 m. Tic. A.Ş. , istehsal ili 2021) qalınlığı 4mm, miqdarı 395 m2 qeyd olunduğu halda yükə baxış zamanı 530 m2 olduğu müəyyən edildi, beləliklə faktiki şüşə məmulatı yükü təqdim edilmiş gömrük bəyannaməsinin 1-ci mal mövqeyində göstərilən miqdardan 135 m2 artıq olduğu tərəflərindən aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi X5 bildirdi ki, malın miqdarı gömrük bəyənnaməsində 395 kv/m göstərilmiş, lakin keçirilmiş ekspertiza nəticəsində malın miqdarının 530 kv/m olduğu müəyyən edilmişdir. Belə ki, malın miqdarının göstəriləndən 135 kv/m artıq olduğu tərəflərindən müəyyən edilmişdir. Gömrük bəyannəməsində malın kvadratı və kvadrata uyğun həmin malın qiyməti düzgün göstərilməmişdir. Beləliklə də barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqi şəxs olduğundan məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iştirak edən “G Group» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 bildirdi ki, Şəxs MMC-nin ünvanına gələn Türkiyə Respublikasından 61K21735/61AAY084 nömrə nişanlı yük nəqliyyat vasitəsilə gələn şüşə yükünü Türkiyə Respublikasında yerləşən hüquqi şəxs “Anpaş” DİŞ TİC.LTD. ŞTİ ilə bağladıqları 20.08.2021-ci il tarixli müqavilə əsasında almışlar. Aralarındakı razılaşmaya uyğun olaraq 4 mm qalınlığında 395 ədəd şüşələri bir ədədi 9 ABŞ dolları qiymətinə almışlar. Satıcı tərəfindən verilmiş faktura, gömrük bəyannaməsi və mənşə şəhadətnaməsi sənədlərində mallara dair məlumatda 4 mm qalınlığında şüşənin ölçü vahidi kvadrat metr, sayı 395 kimi göstərildiyi üçün onlar tərəfindən də bağlı qutuda gömrüyə daxil olan mallar 395 m2 kimi bəyan edilmişdir. Baş vermiş yanlışlıq əşyaların gömrük dəyərinə təsir etməmişdir, çünki, onlar hər şüşə listinə görə 9 ABŞ dolları ödəmişlər ki, bu da gömrükdə düzgün bəyan edilmişdir. Yeganə yanlışlıq şüşə listlərin ölşüsü ilə bağlıdır ki, bu da onlardan yox, satıcının verdiyi yanlış məlumatdan qaynaqlanır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "G Group” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də "G Group” MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 30.08.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, “G Group» MMC-nin ünvanına Türkiyə Respublikasından 61K21735/61AAY084 nömrə nişanlı yük nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş, “G Group» MMC ilə "xxxx" MMC arasında bağlanmış BA/GGP-001 nömrəli, 11.02.2019-cu il tarixli müqavilə əsasında yük Qərb Ərazi Baş Gömrük İdarəsinə bəyan edilmişdir. “ANPAŞ” Dış Ticaret LTD. ŞTİ tərəfindən göndərilmiş masa üzərində istifadə olunan şüşənin miqdarı 395 m2, invoys dəyəri isə 3555 ABŞ dolları təşkil edir. İş materiallarında olan 15 sentyabr 2021-ci il tarixli, 21-G nömrəli ekspertiza aktından görünür ki, təqdim olunmuş mallar 135 m2, 4 mm-lik müxtəlif ölçülü, müxtəlif bəzəkli masa üçün şüşələrdən ibarətdir. Həmin malların 1 m2 4 mm qalınlığında masa üçün şüşənin qiyməti 33 manatdır. 135 m2 4 mm-lik masa üçün şüşənin ümumi dəyəri 4455 manat təşkil edir. İş materiallarında olan, “ANPAŞ” Dış Ticaret LTD. ŞTİ-yə aid ixrac sənədlərindən (çəki siyahısı), ixrac gömrük bəyannaməsi və fakturadan görünür ki, Şəxs MMC-yə çatdırılması üçün göndərilən verilmiş 4 mm “X8”, mallarının ölçü vahidi m2, miqdarı 395 göstərilmişdir. İş materiallarında olan “ANPAŞ” Dış Ticaret LTD. ŞTİ tərəfindən Azərbaycan Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə ünvanlanmış məktubdan görünür ki, “ANPAŞ” Dışticaret LTD. ŞTİ firmasından 25.08.2021-ci il tarixdə YDF**********88 nömrəli qəbz ilə Şəxs MMC-yə ixrac olunmuş mallardan 4 mm “X8”, çəki siyahısında səhvliklə kvadrat metr olaraq yazılmışdır. Malın doğru bilgiləri 395 dəst (530 m2) olmalıdır. Sənədlərdə olan yalnışlığın onlar tərəfindən baş verdiyi, Şəxs MMC ilə əlaqəsi olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1 -ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd edir ki, "G GROUP” MMC tərəfindən gömrük bəyannaməsində düzgün məlumatların verilməməsi sübuta yetirilsə də, həmin mallar “ANPAŞ” Dışticaret LTD. ŞTİ və Şəxs MMC arasında bağlanmış müqavilədə, digər bütün sənədlərdə ədəd əvəzinə kvadrat metr olaraq göstərilmiş, bu səbəbdən də Şəxs MMC tərəfindən gömrük bəyannaməsində malın miqdarı bu yanlışlığın nəticəsi olaraq ədəd əvəzinə kvadrat metrlə göstərilmişdir. Göründüyü kimi həmin yalnışlıq Şəxs MMC-nin təqsiri üzündən baş verməmişdir. İXM-in 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta yalnız qəsdən törədilə bilər. Tədqiq edilmiş sübutlarla isə G Group MMC-nin daxil olmuş malları düzgün bəyan etməmə qəsdinin olmadığı müəyyən edilir. Eyni zamanda qeyd olunmalıdır ki, malın ədəd və ya kvadrat metrlə bəyan edilməsinin ümumiyyətlə malın gömrük dəyəri üçün də hər hansı əhəmiyyəti yoxdur. Tərəflərin razılaşmasından göründüyü kimi həmin mallar dəst olaraq satılmışdır. Bu halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş "G GROUP” MMC-yə münasibətdə təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. "G GROUP” MMC əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, "G GROUP” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 55, 114-115, 128-130 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: "G Group” Məhdud Məsiliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar