Məhkəmə qərarları › İş №3(043)-636/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-636/2021

23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-636/2021 23.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-nin İTBnin polis sahə rəisi, polis kapitanı Hüseynov Zaur Qabil oğlunun, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, Depo qəsəbəsi, 6-cı küçədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin RPİ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Hüseynov Zaur Qabil oğlu tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 23 sentyabr 2021-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Hüseynov Zaur Qabil oğlu izahatında bildirdi ki, 22.09.2021-ci il tarixdə Gəncə şəhəri, Depo qəsəbəsində narkotik vasitənin istifadəsində şübhəli olan Şəxs küçədə ünvanlı ünvansız nalayiq söyüşlər söyən zaman polis əməkdaşı həmin şəxsə yaxınlaşıb özünü təqdim edərək onu nizam intizama dəvət etmişdir. Həmin vaxt Şəxs onun nizam intizama dəvət edilməsinə heç bir məhəl qoymayaraq, öz söyüşlərinə davam etmişdir. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, 22.09.2021-ci il tarixdə ona bir nömrədən zəng edilərək evdən çölə çıxması istənilmişdir. O çölə çıxdığı zaman mülki geyimdə olan şəxslər onun yaxasından tutub aparmağa çalışmışdır. Bu zaman o, əsəbiləşərək onlarla getmək istəməmiş, lakin həmin vaxt heç kimə söyüş söyməmişdir. Bundan sonra onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra onların tələblərinə qarşı çıxmamış və avtomobilə minərək polis idarəsinə getmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli 23 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 22.09.2021-ci il tarixdə Gəncə şəhəri Depo qəsəbəsində polisin qanuni tələbinə tabe olmayaraq uca səslə nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai yer sayılan yaşayış evinin qarşısında səs-küy salaraq polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda polisin Şəxs qarşı qanuni tələbinin nədən ibarət olduğu, onun hansı əsaslarla evindən çağırılıb polis idarəsinə aparılması göstərilməmiş, hadisənin şahidləri barədə heç bir qeyd edilməmiş, nə raportu tərtib etmiş şəxs, nə də digər şəxslər şahid qismində izahat vermək üçün məhkəməyə gətirilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar