Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-639/2021 24.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon polis bölməsində X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, X1 şəhəri, Avtozavod qəsəbəsində «Arena» çay evini saat 00:15-də karantin qaydalarını pozub işlətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X5 protokolun məzmununa uyğun çıxış edərək, bildirdi ki, 24.09.2021-ci il tarixdə xidmətdə olan zaman Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən çay evinin işığının yandığını görüb əməliyyat qrupu ilə ora getmişlər və A.Göyüyevin çay evinin mətbəxində olduğunu, bir nəfər başqa şəxsin isə çay evində ayaq üstdə gözlədiyini görmüşlər. Çay evində müştəriyə xidmət göstərilməsi aşkar edilməmişdir. A.Göyüyev çay evini bağladığını, hazırda isə təmizlik işlərini bitirib evə gedəcəyini demişdir. Çay evindəki şəxsin isə dostu olduğunu, onu evə aparacağını bildirmişdir. Bundan sonra X3 barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 özünü inzibati xətanın törədilməsində təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən «Arena» çay evini icarəyə götürmüşdür və oranı özü təkcə işlədir. Polis əməkdaşları ora gələndə orada dostundan və ondan başqa heç kəs, yəni müştəri qismində heç kəs olmamışdır. Onun özünün orada olma səbəbi isə tək işləməsi və işləri çox olduğundan, gec qalıb qabları yuması olmuşdur. Dostunun avtomobili olduğundan onu evə aparmaq üçün işinin bitməsini gözləmişdir. Həmin vaxt o, heç kəsə xidmət göstərməmişdir, sadəcə öz işləri ilə bağlı orda olmuşdur. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin əməliyyat müvəkkili X4 ifadə verərək bildirdi ki, 24.09.2021-ci il tarixdə Gəncə şəhəri Avtozavod qəsəbəsində xidmətdə olan zaman “Arena” çay evinin işığının yandığını görüb X5 ilə birlikdə oraya daxil olmuş və A.Göyüyevin çay evinin mətbəxində olduğunu, yanında da bir nəfər başqa şəxsin olduğunu görmüşlər. A.Göyüyev çay evini bağladığını, hazırda isə təmizlik işlərini bitirib evə gedəcəyini demişdir. Çay evindəki şəxsin isə dostu olduğunu, onu evə aparacağını bildirmişdir. Həmin vaxt çay evində hər hansı müştəriyə xidmət göstərildiyini görməmişdir. İnzibati xəta haqqında materiala əlavə olunmuş 24.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xətanın qarşısının alınması məqsədi ilə X6 24.09.2021-ci il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarının və şahidin ifadələrini dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. X3 hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin mövcudluğu öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli 9 saylı Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılmışdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən 2021-ci il 1 fevral saat 00:00dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilir. Qeyd olunan Qərardan göründüyü kimi saat 00:00-dan saat 06:00-dək ictimai iaşə obyektlərinin açıq olmasına yox, həmin obyektlərdə müştərilərə yerində xidmət göstərilməsi qadağan edilmişdir. Hazırkı iş üzrə isə protokolu tərtib etmiş şəxsin və şahidin barəsində icraat aparılan şəxsin ifadəsi ilə üst-üstə düşən ifadələrindən görünür ki, A.Göyüyevin barəsində protokol müştərilərə yerində xidmət göstərilməsinə görə yox, sadəcə kafenin həmin saatda açıq olmasına görə tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3- cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-639/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-639/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver