Məhkəmə qərarları › İş №3(043)-64/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-64/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-64/2021 02.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, X4 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X4 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X4 İdarəsində tərtib edilmiş xx xxxxxx 2020ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X4 İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən “X5” adlı sahibkarlıq obyektinin fərdi sahibkarı Şəxs tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş yerinə yetirilməmişdir. Bu əmələ görə X4 İdarəsi tərəfindən onun barəsində İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə Şəxs ərizə ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, o, 2019-cu ilin yanvar ayında Gəncə şəhəri, Müseyib Bağırov küçəsi, 28 saylı məktəbin qarşısında 100 kv.m obyekti icarəyə götürüb fəaliyyətə başlamışdır. 2019-cu ilin dekabr ayında işləri getmədiyi üçün mağazanı bağlamışdır. Buna sübut olaraq Vergi orqanının saytından online şəkildə əldə edilmiş məktubu təqdim edir. O, iki ilə yaxındır ki, ticarət fəaliyyəti ilə məşğul olmur və həmin obyektə heç bir aidiyyəti yoxdur. Amma nədənsə Gəncə şəhər Reklam İdarəsi ondan sonra obyekti icarəyə götürən sahibkarı yox, ona qarşı tədbir görmüşdür. İşlədiyi 12 ay ərzində dövlətə olan bütün borclarını ödəmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, səlahiyyətli orqanın nümayəndəsinin izahatına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. “Reklam haqqında” Qanunun qeyd olunan normasının tələbindən göründüyü kimi reklam subyekti tərəfindən həmin qanunun tələblərinə riayət edilməməsi reklam fəaliyyətinə nəzarət edən orqan tərəfindən müəyyən edildikdən sonra həmin Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək üçün reklam fəaliyyətinə nəzarət edən orqan reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Bu əmələ görə X4 İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixli müraciəti əsasında vergi orqanı tərəfindən onun fəaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Bununla yanaşı, təqdim edilmiş qəbzlərdən görünür ki, Şəxs fəaliyyət göstərdiyi müddətdə X4 İdarəsinin hesabına reklam yayım haqqına görə qanunla müəyyən edilmiş məbləğlərdə pul vəsaitlərini ödəmişdir. Bundan başqa, ərizəyə əlavə edilmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən “xxxx” MMC Gəncə şəhəri, M.Bağırov küçəsi 28 saylı məktəbin qarşısında yerləşən 100 kv.m qeyri-yaşayış sahəsini xx.xx.2019-cu il tarixədək Şəxs icarəsinə vermişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən olunur ki, Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən “X5” mağazası xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə fərdi sahibkarlıqla məşğul olan Şəxs istifadəsində olmuşdur. Şəxs 12 saylı Ərazi Baş Vergilər İdarəsinə müraciəti əsasında onun fəaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Səlahiyyətli orqan tərəfindən yazılı göstərişin verildiyi dövrdə Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən “X5” mağazasında Şəxs fəaliyyət göstərməsi ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. Səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında da bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “X5” mağazasının fasadında reklam yerləşdirilməsinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1.-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar