Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-64/2022 07.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X1 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 12 yanvar 2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs MMC 28500 ABŞ dolları məbləğində vəsaiti 29.11.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 28500 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. İnzibati xəta 30.11.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla hüquqi şəxs tərəfindən İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubdan məlum olur ki Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezident və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən iki il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməyən müştərilərilərdən biri hüquqi şəxs Şəxsdir. Xaricə köçürülmüş məbləğ 28500 ABŞ dolları, köçürmə tarixi 29.11.2019-cu ildir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC 28500 ABŞ dolları məbləğində vəsaiti 29.11.2019-cu il tarixdə xaricə - Çin Xalq Respublikasına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X2 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs 28500 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 29 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür, lakin ödəniş aparıldığı vaxtdan iki ildən artıq müddət keçməsinə baxmayaraq, 28500 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin gostərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qaytarılmamışdır. Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Şəxs MMC tərəfindən məhkəməyə vəsaitin qaytarılmasını və ya həmin vəsait müqabilində mal və ya xidmətlərin idxal edilməsini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 28500 ABŞ dolları məbləğinin 20 (iyirmi) faizi, yəni 5700 ABŞ dolları miqdarında inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ: Hüquqi şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin - 28500 (iyirmi səkkiz min beş yüz) ABŞ dollarının 20 (iyirmi) faizi miqdarında, yəni 5700 (beş min yeddi yüz) ABŞ dolları məbləğində cərimə edilsin. İnzibati cərimə kimi tutulmalı olan 5700 (beş min yeddi yüz) ABŞ dolları ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla Şəxsndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-64/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-64/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver