Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-641/2021 27.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş materiallar baxılması üçün 27 sentyabr 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş 27 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 07.09.2021-ci il tarixdə saat 15:00 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində X3 məxsus Ford Tranzit markalı **-SU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin pəncərəsindən daxil olaraq pul qabından 235 manat olan pulu oğurlamışdır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş xırda talama əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona isnad olunan əməl üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd olunan əməli törətmişdir. Həmin əməli pula ehtiyacı olduğu üçün törətmişdir. Himayəsində bir azyaşlı uşağı var. Törətdiyi əmələ görə çox peşmandır. Zərər çəkmiş şəxsə dəymiş zərəri işləməklə ona qaytarmaq niyyətindədir. Odur ki, ailə vəziyyətini nəzərə alaraq onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26.09.2021-ci il tarixli qərardan görünür ki, yuxarıda qeyd olunan əməli törətmiş şəxsin əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTBnə göndərilmiş, X1 şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” 25 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 20:00da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu 25 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 25 sentyabr 2021-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-641/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-641/2021
27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver