Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-643/2021 30.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu «Gəncə şəhəri X1» X3 İcması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Gəncə şəhəri BPİ-nin X2 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsi X2 Şöbəsindən daxil olmuş AP seriyalı ******* nömrəli 18 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Gəncə şəhəri X1» Dini İcması 11 avqust 2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı bu günədək təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. İş materiallarında olan Gəncə şəhəri Baş Polis İdarəsi X2 Şöbəsi tərəfindən «Gəncə şəhəri X1» Dini İcmasına ünvanlanmış bildirişdən görünür ki, 03.08.2021-ci il tarixdə saat 09:38-də hüquqi şəxsin mülkiyyətində olan “Khazar minik” markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs tərəfindən Gəncə şəhəri Təbriz küçəsi ilə Ozan küçəsinin kəsişməsində hərəkətdə olarkən mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə sığorta müqaviləsi bağlanmamışdır. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulur. «Gəncə şəhəri X1» Dini İcmasından inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə təqdim edilmiş sənədlərdən belə məlum olur ki, hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin maddənin sanksiyasında hüquqi şəxslər üçün də inzibati tənbeh vermə nəzərdə tutulmuşdur. Buna görə də Gəncə şəhəri Baş Polis İdarəsi X2 Şöbəsi tərəfindən «Gəncə şəhəri X1» Dini İcmasına inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatın əldə olunması barədə sorğusuna zərurət olmamışdır. Çünki, avtomobili kimin idarə etməsindən asılı olmayaraq həmin inzibati xətaya görə məsuliyyəti avtomobilin mülkiyyətçisi olan hüquqi şəxs daşıyır. Sorğunun verilməsində məqsəd inzibati xətaya görə məsuliyyət daşımalı olan şəxsi müəyyən etmək olduğundan, inzibati xətaya görə məsuliyyət daşımalı olan hüquqi şəxs məlum olduğu halda iş üzrə hər hansı əhəmiyyət kəsb etməyən sorğunun cavablandırılmamasına görə hüquqi şəxs məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən hallar mövcudluğunu yoxlayır. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığı, yəni işin icraatını rədd edən halın mövcudluğu aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, «Gəncə şəhəri X1» Dini İcmasının əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: «Gəncə şəhəri X1» Dini İcması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-643/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-643/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver