Məhkəmə qərarları › İş №3(043)-65/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-65/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-65/2022 02.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Məmmədova Urfanə Rüfət qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2, Qərarından şikayət verilən şəxs X1 iştirakları ilə, X2 Gəncə şəhər Baş Polis İdarəsinin X8 şöbəsinin 19.01.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, Gəncə şəhər Baş Polis İdarəsinin X8 şöbəsinin onun barəsində qəbul etdiyi 19.01.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X5 izahatında bildirdi ki, 06.01.2022-ci il tarixdə saat 14:12-də ona məxsus olan OPEL ASTRA minik markalı 20DZ905 nişan nömrəli nəqliyyat vasitəsi ilə heç bir manevr etmədiyi halda polis tərəfindən haqsız olaraq qərəzli protokol yazılmışdır. O, yolun düz istiqamətində hərəkət edərək, heç bir manevr etmədiyi halda, polis haqsız olaraq saxlamış, özünü təqdim etmədən və heç nəqliyyat vasitəsindən belə yerə düşməmiş aynadan üzünü tutub ondan "nəisə” gözləmiş kimi baxmış və sonra üzünə qarşı "hə get sənə protokol yazılacaq” demişdir. Nəticədə barəsində 40 manat məbləğində cərimə barədə qərar çıxarılmışdır. Hesab edir ki, ona qarşı qərəzli yazılmış qərar ləğv olunmalıdır. Bu faktların dəqiqləşdirilməsini və qeyd edilənlərin nəzərə alaraq, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs X3 izahatında bildirdi ki, X5 barəsində 19.01.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı şəxsin iştirakını təmin etmədən qəbul etmişdir. Həmçinin həmin qərarı qəbul edərkən, Zamir Rzayevin barəsində tərtib olunmuş 06.01.2022-ci il tarixli İXP4390066 saylı inzibati xəta haqqında protokola əsaslanmış, həmin vaxt Zamir Rzayev tərəfindən protokolda qeyd edilən inzibati xətanın törədilməsini əks etdirən video görüntülərə özü şəxsən baxmamışdır. Videogörüntülər silindiyinə görə hal-hazırda da həmin görüntüləri əldə etmək mümkün olmamışdır. Odur ki, şikayət barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin X8 şöbəsi tərəfindən qəbul edilmiş 19.01.2022-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, 06.01.2022-ci il tarixdə saat 14:12 radələrində “OPEL ASTRA” markalı, **-DZ-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X5 həmin maddə ilə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin X8 şöbəsi tərəfindən göndərilmiş 21.01.2022-ci il tarixli bildirişdən görünür ki, X4 onun barəsində inzibati xəta haqqında işə baxılması üçün 27.01.2022-ci il tarixədən DYPŞ-nə gəlməsi təklif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə ilk öncə onu qeyd edir ki, X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, səlahiyyətli orqan tərəfindən onun iştirakı təmin edilməmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar 19.01.2022-ci il tarixdə qəbul edildiyi halda, şəxsə 21.01.2022-ci il tarixli bildirişlə onun 27.01.2022-ci il tarixdə inzibati xəta haqqında işə baxılmasında iştirak etməsi bildirilmişdir. Hətta, həmin bildirişin həqiqətən də Zamir Rzayevə göndərilməsi də öz təsdiqini tapmır, səlahiyyətli orqanın nümayəndəsi bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-in 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Digər tərəfindən, X2 inzibati xəta törətməsini təsdiq edən mötəbər sübutlar da (video görüntü və s.) səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs inzibati xətanın törədilməsini əks etdirən video görüntünün olmasını, lakin qərar qəbul edərkən həmin video görüntüyə baxış keçirməməsini bildirmiş, məhkəmə iclasında həmin şəxsə video görütünün məhkəməyə təqdim edilməsi təklif edilsə də, hazırda belə bir videogörüntünün olmadığını, müddəti keçdiyinə görə silindiyini bildirmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından və məhkəmə iclasında dindirilmiş şəxslərin izahatlarından məlum oldu ki, X2 06.01.2022-ci il tarixdə ona məxsus olan “OPEL ASTRA” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman 19.01.2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarda qeyd edilən inzibati xətanı törətməsi öz təsdiqini tapmamış, bu barədə mötəbər sübutlar səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş şikayətdə göstərilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şikayət təmin edilsin. Gəncə şəhər Baş Polis İdarəsinin X8 şöbəsinin polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 19.01.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar