Məhkəmə qərarları › İş №3(043)-667/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-667/2021

01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-667/2021 01.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs-Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsindən Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs oğlu 01.10.2021-ci il tarixdə saat 00:00-dan sonra işlətdiyi kafedə müştərilərə yerində xidmət göstərmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X2 protokolun məzmununa uyğun çıxış edərək, Şəxs oğlunun 30.09.2021-ci il tarixdən 01.10.2021-ci il tarixə keçən gecə Gəncə şəhəri Poçt qəsəbəsində icarəyə götürüb işlətdiyi “Kəlbəcər” kafesində saat 00:00-dan sonra müştərilərə yerində xidmət göstərmişdir. Ərazidə xidmət aparan post-patrul xidməti əməkdaşları karantin qaydalarına riayət edilməsinin yoxlanılması məqsədilə kafeyə yaxınlaşdıqda kafedən səs-küy gəldiyini eşidib kafeyə daxil olmuş, bu zaman təxminən 8- 10 nəfər şəxsin kafedə 3 masanın arxasında əyləşdiklərini, qarşısında qida və içkilərin olduğunu görmüşlər. Şəxs inzibati qaydada tutularaq onun barəsində protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Buna görə də onun barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Poçt qəsəbəsində «Kəlbəcər» kafesini icarəyə götürüb işlədir. Kafeni adətən saat 23:00-da bağlayır. 30.09.2021-ci il tarixdə də kafeni saat 23 radələrində bağlayıb evə getmişdir. Həmin gün saat 24 radələrində kirvəsi ona zəng edərək işlədiyi zavodun işçilərinə əməkhaqlarını verməli olduğunu, yağış yağdığı üçün kafeni açıb şərait yaratmasını xahiş etmişdir. O da evdən gəlib kafeni açıb onları içəri buraxmışdır. Kafedə onlara heç bir xidmət göstərilməmişdir, ümumiyyətlə gecə saatlarında kafe fəaliyyət göstərmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPİ-nin PPXT-nın polis nəfəri polis baş serjantı X4 ifadə verərək bildirmişdir ki, 01.10.2021-ci il tarixdə saat 00:05 radələrində Kəpəz RPİ-nin PPXT-nın polis nəfəri polis baş serjantı X3 ilə Gəncə şəhəri, A.Səhhət küçəsində xidmətdə olarkən həmin ərazidə yerləşən “Kəlbəcər” kafesindən səs gəldiyini eşidib kafeyə daxil olmuşlar. Kafedə təxminən 8-10 nəfər şəxsin 3 masanın ətrafında oturduğunu və qarşılarında süfrənin açıq olduğunu, süfrədə qida və içkilərin olduğunu görmüşlər. Şəxs özünü kafenin sahibi kimi təqdim edərək həmin şəxslərin zavodun işçiləri olduğunu və onlara əmək haqqı verildiyini bildirmişdir. Lakin o, kafedə hər hansı əməkhaqqı paylanmasının şahidi olmamış, əksinə müştərilərə yerində xidmət göstərildiyini müşahidə etmişdir. Karantin qaydalarının pozulmasını təsdiq edən videogörüntüləri də qeydə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPİ-nin PPXT-nın polis nəfəri polis baş serjantı X3 digər şahid E.Rüstəmovla eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Şəxs İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi öz təsdiqini tapmışdır. İnzibati materiala əlavə olunmuş 01.10.2021-ci il tarixli, ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xətanın qarşısının alınması məqsədi ilə Şəxs oğlu 01.10.2021-ci il tarixdə saat 00:45-də inzibati qaydada tutulmuşdur. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli 9 saylı Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılmışdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən 2021-ci il 1 fevral saat 00:00dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilir. Qeyd olunan Qərardan göründüyü kimi saat 00:00-dan saat 06:00-dək ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət göstərilməsi qadağan edilmişdir. Şəxs 01.10.2021-ci il tarixdə icarə əsasında işlətdiyi kafedə saat 00:00-dan sonra müştərilərə yerində xidmət göstərməklə karantin rejiminin qaydalarını pozmuşdur. Məhkəmə Şəxs kafedəki şəxslərin müştəri olmaması və onlara əməkhaqqının verilməsi üçün şəxslərin orada olması ilə bağlı ifadəsinə tənqidi yanaşır və qeyd edir ki, həm şahidlərin ifadələrindən, həm də onların təqdim etdiyi videogörüntülərdən müştərilərə yerində xidmət göstərilməsi aydın görünür. Digər tərəfdən kafenin təyinatı əməkhaqqının paylanma yeri olmadığından ümumiyyətlə Şəxs bu ifadəsi reallıqla uzlaşmır. Məhkəmə hesab edir ki, Şəxs oğlunun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Şəxs oğlunun törədilmiş inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmə inzibati xətanın xarakterini və inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 01 oktyabr 2021-ci il saat 00:45-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar