Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-674/2021 04.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin X1 sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə; xx.xx.1986-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 3-cü küçədə yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsində 04.10.2021-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin X1 sahə rəisi, polis kapitanı X5 tərəfindən protokol tərtib olunmuş ona görə ki, Şəxs 07.09.2021-ci il tarixdə Gəncə şəhəri, Xanlar küçəsi 4-cü dalan 1 saylı binadan 67 manat dəyərində dəmir konstruksiyalarını gizli yolla oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin X1 sahə rəisi, polis kapitanı X5 çıxış edərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin X6 tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, Ermənistan Respublikasının tərəfdən Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində zərər görmüş ev sahiblərindən 2021-ci ilin yanvar ayında ona zəng edərək öz evlərinin müxtəlif hissələrinin sökülməsində köməklik göstərməsini xahiş etmişlər. Onunla birlikdə dostu X7 da həmin söküntü və daşınma işlərinə zəhmət haqqı pul müqabilində köməklik edib. Həmin ərəfədə Qələbə parkı ətrafında zərərçəkmiş ev sahiblərinin əksəriyyəti ilə tanış olmuşlar. 2021-ci ilin təxminən iyul avqust aylarında qeyd olunan ərazidən sahiblərinin xahişi ilə təxminən 10-15 dəfə olmaqla müxtəlif yerlərdən təxminən ümumilikdə 450 (dörd yüz əlli) manatadək məbləğdə müxtəlif növ dəmir metal əşyaları sataraq həmin pulları Eminlə bölmüşlər. 07.09.2021-ci il tarixdə Gəncə şəhəri Xanlar (Rəfıbəyli) küçəsi 4-cü dalan 1 saylı yaşayış binasının giriş dəhlizində olan müxtəlif ölçüdə dəmir metal əşyalarını kəsərək satmaq məqsədi ilə Eminlə birlikdə Gəncə şəhəri Xanlar (Rəfıbəyli) küçəsi 4-cü dalan 1 saylı yaşayış binasının giriş dəhlizinə getmişlər. Həmin binanın giriş dəhlizində olan dəmir əşyaları kəsərək tanımadıqları taksiyə yükləyib və Gəncə şəhəri Ü. Hacıbəyov küçəsi yaxınlığında olan Hümbət adlı şəxsin metal qəbulu məntəqəsinə aparmışlar. Həmin dəmirləri 67 manat pula sataraq Eminlə bölmüş, sonra Gəncə şəhəri Xanlar (Rəfıbəyli) küçəsi 4-cü dalan 1 saylı yaşayış binasının giriş dəhlizində qalan metal əşyaları kəsmək üçün yenidən oraya qayıtmışlar. Orada olan dəmir əşyaları kəsən zaman bir nəfər tanımadıqları şəxs onlara yaxınlaşmış və Eminlə onu telefonu ilə çəkərək nə üçün həmin metalları sökdüklərini soruşmuşdur. Onlar görmüşlər ki, orada olan metalların sökülməsinə görə mübahisə yaranacaq, ona görə də qaynaq aparatını götürüb oradan getmişlər. Sonra isə götürdükləri dəmirləri tanımadığı adama satmışdır. Ehtiyacı olduğu üçün etmişdir. Zərər çəkmiş şəxsə dəymiş zərəri ödəməmişdir. Törətdiyi əməllərə görə çox peşmandır və maddi imkanı olmadığı üçün zərəri ödəməsi mümkün deyildir. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 04 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən naməlum şəxs, Gəncə şəhəri Xanlar (Rəfibəyli) küçəsi 4-cü dalan 1 saylı yaşayış binasının giriş dəhlizindən 67 manat dəyərində dəmir konstruksiyam oğurluq yolu ilə ələ keçirməklə Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiklərindən Şəxs və X3 barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Kəpəz RPİ-nin İTB-nə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin ödənilməməsini, məsuliyyəti yüngülləşdirən halın olmamasını, məsuliyyəti ağırlaşdıran hal olaraq inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini (İXM-in 33.1.5-ci maddəsi) nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin Məcəllənin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə sаxlаmа müddətinin əvvəli inzibati protokola baxıldığı 04 oktyabr 2021-ci il tarixdən saat 16:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 25 (iyirmi beş) gün müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 04 oktyabr 2021-ci il tаrixdən, saat 16:35-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X8 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-674/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-674/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver