Məhkəmə qərarları › İş №3(043)-677/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-677/2021

05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-677/2021 05.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatındən daxil olmuş olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, müəyyən e t d i: 05 oktyabr 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli, 01.10.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Gəncə şəhəri, Sərçə bazarında VAZ-2107 minik markalı **-CM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü fərqlənmə nişanını təqdim etməmişdir, bununla da o, İXM-in 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və material natamam olduğundan, protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 100.1.3-cü maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi inzibati xəta haqqında protokolda göstərilməlidir. Fərdi identifikasiya nömrəsinin protokolda göstərilməsi ona görə vacibdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini dəqiq müəyyən etmək mümkün olsun. Lakin, Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli, 01.10.2021-ci il tarixli inzibati xəta haqqında protokolda Şəxs fərdi identifikasiya nömrəsi (şəxsiyyət vəsiqəsi) qeyd edilməmiş, bununla da inzibati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi müəyyən olunur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti qismində yalnız sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxs çıxış edə bilər. Lakin məhkəmə qeyd edir ki, protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən Şəxs VAZ-2107 minik markalı **-CM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə “Fərqlənmə nişanı” olmadan taksi fəaliyyəti ilə məşğul olduğu qeyd edilərək, bu məsələyə görə sürücü olaraq Şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, qeyd edilən avtomobilin həqiqətən Şəxs məxsus olmasını və ya həmin vaxt onun tərəfindən idarə olunmasını təsdiq edən sənəd (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, etibarnamə və s.) protokola əlavə edilməmişdir. Protokola inzibati xəta hadisəsinin olmasını təsdiq edən sübut kimi qeyd edilən avtomobilin arxa hissədən çəkilmiş bir ədəd fotoşəkli əlavə edilmişdir ki, həmin fotoşəkildən avtomobilin sadəcə dövlət qeydiyyat nişanı və içərisində bir şəxs olduğu müəyyən edilir, lakin həmin şəxsin məhz Şəxs olmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatından daxil olmuş MN ******* nömrəli, 01.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar