Məhkəmə qərarları › İş №3(043)-683/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-683/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-683/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi polis mayoru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi polis mayoru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. 07.10.2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs 06.08.2021-ci ilə qədər olan vaxtda Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan X2 məxsus evdən 1 ədəd 70 manat dəyərində “Hoffman” markalı televizoru oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi polis mayoru X6 20.08.2021-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan X3 Azərbaycan Respublikası DİN 102 xidmətinə, daha sonra isə Gəncə şəhər BPİ-nə müraciət edərək ona məxsus Gəncə şəhəri, Məhsəti qəsəbısində yerləşən evdən 1 ədəd 70 manat dəyərində televizorun və 1 ədəd 20 manat dəyərində işlək vəziyyətdə olmayan kompüterin oğurlanması barədə məlumat vermişdir. Əməldə cinayət tərkibi olmadığından cinayət işini başlanması rədd edilmiş və inzibati qaydada tədbir görülməsi barədə qərar qəbul edilmişdir. Aparılmış araşdırma zamanı həmin oğurluq əməlinin Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, həmin oğurluğu o, 2021-ci ilin avqust ayında əvvəllər tanımadığı şəxsə məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evin pəncərəsindən evə daxil olub “Hoffman” markalı 1 ədəd televizoru oğurlamışdır. Həmin televizoru Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Elməddin adlı şəxsə 100 manata satmış, lakin evdən kompüter götürməmişdir. Hazırda törətdiyi əməldən peşmandır, ona yüngül tənbeh verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının 30 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, X1 evindən 70 manat dəyərində 1 ədəd “Hoffman” markalı televizorun və 20 manat dəyərində 1 ədəd kompüterin oğurlanması faktına görə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığından rədd edilmişdir. Şəxs gizli yolla özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, inzibati xəta haqqında protokol və rəylə sübuta yetirilir. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətdən və tənbehdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 07.10.2021-ci il saat 12:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar