Məhkəmə qərarları › İş №3(043)-684/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-684/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-684/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 07.10.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 07.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1121/2019 saylı, 11.03.2019-cu il tarixli icra sənədinə əsasən, borclu Şəxs hər ay 2 uşağa görə ümumlikdə 300 manat məbləğində aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsulliyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Borclu Şəxs bu günə olan aliment borcu 5112 manat təşkil edir. Borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə 05.10.2021-ci ildə dəvət olunmuş və həmin tarixdə verdiyi izahatında icra sənədi üzrə borcunun olmadığını bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədi üzrə öhdəliyini yerinə yetirmir. Sonuncu dəfə o, 19.10.2020-ci il tarixdə 210 manat aliment ödəmiş, ondan sonrakı müddətdə o, aliment borcundan heç bir ödəniş etməmişdir. Onun tələbkara 5112 manat aliment borcu yaranmışdır. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment borcunu ödəməmək səbəbi saxlanılmaları üçün aliment təyin edilən uşaqların onun yanında qalmalarıdır. Belə ki, tələbkar işlədiyi üçün, uşaqları 3 ilə yaxındır ki, onun evində yaşayırlar. Uşaqlara onun atası və anası baxır. O uşaqlarına öz atalıq borcunu yerinə yetirir, onların bütün ehtiyaclarını ödəyir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs ona olan borcunu ödəməkdən qəsdən yayınır. Onun qeyd etdikləri isə tamamilə yalandır. Belə ki, borclu ilə ailə münasibətləri pozulduqdan sonra birgə nikahdan olan uşaqlar hər zaman onun yanında və himayəsində yaşamışlar. Uşaqların bütün ehtiyaclarını o qarşılamışdır. Borclu sadəcə uşaqları ilə görüşmək üçün bəzi vaxtlarda gəlib onun evindən uşaqları aparmış və ən çoxu 2-3 gün qaldıqdan sonra uşaqları geri qaytarmışdır. Uşaqlar heç vaxt uzun müddətli borclunun evində qalmamışdır. Odur ki, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.03.2019cu il tarixli, 2(043)-1121/2019 saylı icra sənədindən görünür ki, 15.11.2005-ci il təvəllüdlü X4 və 08.04.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Şəxs hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində sabit pul şəklində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.03.2019-cu il tarixli, 2(043)-1121/2019 saylı icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş borclu Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, ona icra sənədini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli, 2(043)-91/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Şəxs oğlunun cavabdeh Zərərçəkmiş şəxs qızına qarşı uşaq tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclunun icra idarəsində və məhkəmə iclasında verdiyi izahatlarından görünür ki, borclu uşaqlarının onun himayəsində yaşadıqlarını əsas gətirərək, aliment borcu olmadığını bildirmişdir, lakin iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli, 2(043)-91/2020 saylı qətnaməsinin surətindən görünür ki, onun uşaq tələbinə dair iddiası təmin edilməmişdir. Belə olan vəziyyətdə nə qədərki uşaqlar rəsmi olaraq tələbkarın yanında saxlanılır, alimentin ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hökmən icra edilməlidir. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, borclu sonuncu dəfə 19.10.2020-ci il tarixdə aliment borcundan 210 manat ödəniş etmiş, ondan sonrakı dövrdə heç bir ödəniş etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa borclu tərəfindən təqdim edilmiş Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasının üzvləri tərəfindən tərtib edilmiş Aktdan, borclu və tələbkarın birgə nikahlarından olan azyaşlı Xanlar adlı uşağın atasının - borclunun yanında qalması görünsə də, məhkəmə bununla bağlı qeyd edir ki, həmin akt yaxın tarixdə, yəni 06.10.2021-ci il tarixdə tərtib edilmiş və uşağın həmin tarixdə atasının - borclunun yanında qalması müəyyən edilmişdir, lakin bu faktı qeyd edilən tarixdən əvvəlki müddətə şamil etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, nə qədər ki, birgə nikahdan doğulmuş uşaqlar analarının – tələbkarın yanında qalır və uşaqların saxlanılmaları üçün tələbkarın xeyrinə aliment tutulması ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə mövcuddur, borclu həmin qətnamə ilə müəyyən edilən aliment məbləğini tələbkara ödəməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş aliment borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar