Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-685/2021 22.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin nümayəndələri X11 və X6 iştirakları ilə, X4 Azərbaycan Respublikası Qida X1 Regional bölməsi rəisinin 28.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Qida X1 Regional bölməsi rəisinin 28.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında həmin qərardan narazı qalan X7 məhkəməyə şikayət verərək, onun barəsində tərtib edilmiş protokolun və qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, barəsində 26.08.2021-ci il tarixdə Kəpəz rayon Polis Bölməsinin əməkdaşı Sənani Məmmədov tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan məlumatsız olmuşdur. Həmin protokol onun iştirakı olmadan yazılmışdır. O, polis əməkdaşı Sənani Məmmədov ilə əlaqə saxladıqda, Sənani Məmmədov protokoldan məlumatsız olduğunu demişdir. Kimin tərəfindən tərtib edilməsi bilinməyən protokol əsasında onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X7 izahatında bildirdi ki, onun barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən inzibati xətanı o törətməmişdir. Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun barəsində 26.08.2021-ci il tarixdə Sənani Məmmədov adlı Kəpəz Rayon Polis İdarəsinin əməkdaşı protokol tərtib etmiş, lakin bu zaman onun iştirakı və xəbəri olmamışdır. Xəbər tutduqdan sonra Sənani Məmmədov ilə əlaqə saxlayan zaman ona bildirmişdir ki, həmin protokol onun adından istifadə edilərək tərtib edilmişdir, bu barədə məlumatı yoxdur, araşdırdıqdan sonra ona məlumat veriləcəkdir. Lakin, heç bir məlumat verilməmiş, hətta həmin protokol əsasında X5 tərəfindən onun cərimə olunması barədə qərar tərtib edilmişdir. Odur ki, onun barəsində qəbul edilmiş mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin nümayəndəsi X11 izahatında bildirdi ki, Qida X1 Regional Bölməsinin rəisi tərəfindən X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Belə ki, Kəpəz RPİ-nin əməkdaşı 26.08.2021-ci il tarixdə X4 fəaliyyət göstərdiyi Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən ət mağazasında baytarlıq baxışından keçirilməyən, baytarlıq tələblərinə cavab verməyən yerdə heyvan kəsildiyini aşkar etmiş və bununla bağlı protokol tərtib etmişdir. Həmin protokol Qida X1 Regional Bölməsinə daxil olduqdan sonra müvafiq araşdırma aparılmış və 26.08.2021-ci il tarixdə X4 Gəncə şəhəri ərazisində fəaliyyət göstərən ət kəsim məntəqələrinin heç birində heyvan kəsdirmədiyi müəyyən olunmuşdur. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə Ehtiqal Əsgərova bildiriş göndərilmiş və onun iştirakı ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsini, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin nümayəndəsi X3 Ruslan Vahid oğlu ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, X7 barəsində 26.08.2021-ci il tarixdə tərtib edilmiş protokol onun adından tərtib olunsa da, həmin protokolu o tərtib etməmişdir, protokolun tərtib edilməsindən ümumiyyətlə məlumatı olmamışdır. Həmin protokolun kimin tərəfindən hansı şəraitdə tərtib edilməsini bilmir. Məhkəmə, şikayətçinin, səlahiyyətli orqanın nümayəndələrinin və şahidin izahatlarını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi Sənani Məmmədov adından tərtib edilmiş 26.08.2021-ci il tarixli ******* nömrəli protokolun surətindən görünür ki, X7 16.08.2021-ci il tarixdə Ş.İ.Xətai prospektində yerləşən ət mağazasında baytarlıq baxışından keçirilməmiş baytarlıq tələblərinə cavab verməyn yerlərdə kənarda heyvan kəsmiş, bununla da Azərbaycan Respublikası İXM-in 289.0.1-ci maddəsində qeyd edilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab olunur; 289.0.1-ci maddəsinə əsasən baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıqsanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan sənədlərdən və məhkəmə iclasında dindirilmiş şəxslərin izahatlarından müəyyən olunur ki, X7 barəsində İXM-in 289.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat Kəpəz RPİ-nin İTB-nin əməkdaşı Sənani Məmmədovun adından 26.08.2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmışdır. Lakin, həmin protokolun məzmununda qeyd edilir ki, X7 protokolu imzalamaqdan imtina etmişdir. Protokolun məzmununa diqqət yetirdikdə, protokolun səlahiyyətli orqanın nümayəndəsi tərəfindən də imzalanmadığı görünür. Digər tərəfdən, məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPİ-nin İTB-nin sahə rəisi Sənani Məmmədov izahatında bildirdi ki, 26.08.2021-ci il tarixdə tərtib edilmiş protokol onun adından tərtib olunsa da, həmin protokolu o tərtib etməmişdir, protokolun tərtib edilməsindən ümumiyyətlə məlumatı olmamışdır. Həmin protokolun kimin tərəfindən hansı şəraitdə tərtib edilməsini bilmir. Belə olan vəziyyətdə, X7 barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas olan 26.08.2021-ci il tarixli protokolun kimin tərəfindən hansı şəraitdə tərtib edilməsini müəyyən etmək mümkün olmur. Bundan başqa qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə tərtib edilməli, onun izahatı protokolda qeyd edilməli, protokol tərtib edilərkən onun qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməli, bu barədə protokolda müvafiq qeyd aparılmalı, protokolun surəti ona təqdim edilməli, protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmalı, həmin şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin bir sıra hüquqları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, protokolun tərtib edilməsində həmin şəxsin iştirakının təmin olunmaması onun müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. İşin faktiki hallarından isə görünür ki, X7 nəinki onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etməmiş, ümumiyyətlə onun barəsində inzibati xəta haqqında protokolun kimin tərəfindən hansı şəraitdə tərtib edilməsi müəyyən deyil və protokol onu tərtib edən şəxs tərəfindən imzalanmamışdır. Qida X1 Regional bölməsində isə X7 barəsində inzibati xəta haqqında işə baxılarkən işin qeyd olunan halları araşdırılmadan onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən “bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması” inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən “bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında” qərar qəbul edilir. Məhkəmə əlavə olaraq qeyd edir ki, X7 şikayətində səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə də təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4, 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida X1 Regional Bölməsi tərəfindən X7 barəsində qəbul edilmiş 28.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-685/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-685/2021
22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver