Məhkəmə qərarları › İş №3(043)-688/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-688/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-688/2021 09.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, inzibati tənbehvermə haqqında qərardan şikayət vermiş şəxs X2 və protokolu tərtib etmiş şəxs X4 iştirakı ilə, X2 Gəncə şəhər Baş Polis İdarəsinin X16 Şöbəsinin mayoru X5 22.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Baş Polis İdarəsinin X16 Şöbəsinin mayoru X5 inzibati tənbeh vermə haqqında 22.09.2021-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhər DYPŞ Yol Patrul xidmətinin baş inspektoru polis baş leytenantı X9 tərəfindən 03.09.2021-ci il tarixdə, saat 00:18-də səbəb olmadan saxlanılaraq (protokoldan da məlum olduğu kimi) barəsində qeyri-qanuni olaraq İXP ******* nömrəli, 03.09.2021-ci il tarixli “İnzibati xəta protokolu” tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilib inzibati məsuliyyətə cəlb edilmişdir. Protokol və qərarı əsasız və qanunsuz hesab edir. Belə ki, qeyd etdiyi kimi heç bir əsas olmadan məqsədli olaraq idarə etdiyi avtomobil inspektor tərəfindən saxlamışdır. Məqsəd isə sərxoş olmadığı halda məsuliyyətə cəlb edilməyi ilə bağlı qərarın tərtib edilməsidir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati tənbeh, inzibati Xətalar Məcəlləsinin müvafiq inzibati xətaya görə məsuliyyət nəzərdə tutan maddəsində müəyyən edilmiş həddlər çərçivəsində təyin edilir. İnzibati xətaların müxtəlif növlərinə görə məsuliyyət müəyyən edən maddələrin sanksiyasında tənbehin növü və onun mümkün həcmi nəzərdə tutulur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X7 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Odur ki, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qeyd edilən qərar ləğv edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 şikayət ərizəsində göstərilənlərə eyni məzmunlu izahat verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Gəncə şəhər Baş Polis İdarəsinin X16 Şöbəsinin nümayəndəsi, protokolu tərtib etmiş şəxs X9 bildirdi ki, 03.09.2021-ci il tarixli 00:00 radələrində Dəmir yol vağzalı tərəfdə X2 idarə etdiyi ** ST *** dövlət qeydiyyat nişanlı, Fiat Doblo minik markalı avtomobili saxlatmışlar, daha sonra E.İbrahimovun içkili olmasından şübhələndiklərindən sərxoşluq müayinəsindən keçirilməsi məqsədi ilə alkatesterdən istifadə edərək, şəxsin sərxoş olması müəyyən edilmişdir. Daha sonra E.İbrahimovun barəsində İXM-nın 333.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş və E.İbrahimov isə protokolu imzalamaqdan imtina edərək, sabah idarəyə gələcəyini və hər şeyi yoluna qoyacağını bildirdi. Bundan sonra avtomobili dayanacağa aparmışlar. Həmin hadisənin səhəri E.İbrahimov şöbəyə gəlmiş və protokol ona təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək, bildirdi ki, 03.09.2021-ci il tarixli 00:00 radələrində Dəmir yol vağzalı tərəfdə X2 idarə etdiyi ** ST *** dövlət qeydiyyat nişanlı, Fiat Doblo minik markalı avtomobili saxlatmışlar, daha sonra E.İbrahimovun içkili olmasından şübhələndiklərindən sərxoşluq müayinəsindən keçirilməsi məqsədi ilə alkatesterdən istifadə edərək, şəxsin sərxoş olması müəyyən etmişlər. Daha sonra E.İbrahimovun barəsində İXM-nın 333.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş və E.İbrahimov isə protokolu imzalamaqdan imtina edərək, sabah idarəyə gələcəyini və hər şeyi yoluna qoyacağını bildirdi. Bundan sonra avtomobili dayanacağa aparmışlar. Məhkəmə şikayəti, proses iştirakçılarının və şahidin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin X16 Şöbəsinin mayoru X5 22.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 03.09.2021-ci il tarixdə alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə avtomobili idarə etməsi ilə bağlı X2 barəsində qərar qəbul edilmişdir. Şikayət verən şəxs bildirir ki, o, protokol tərtib edilən zaman alkoqoldan istifadə etməmiş və sərxoş vəziyyətdə avtomobil idarə etməmişdir. Qeyd olunan məsələnin araşdırılması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin X16 Şöbəsinə sorğu edilərək, yol patrul xidməti avtomobilində quraşdırılmış texniki vasitələrlə qeydə alınmış hadisənin səs və görüntü qeydləri tələb edilsə də həmin materiallar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda əldə edilmiş materiallardan görünür ki, inzibati xəta haqqında işə baxılması ilə əlaqədar X3 15 sentyabr 2021-ci il tarixli bildiriş ünvanlanmış, həmin bildirişdə inzibati xəta haqqında işə baxılması üçün 19.09.2021-ci il tarixədək Gəncə şəhər Baş Polis İdarəsinin X15 Şöbəsinə gəlməsinin zəruri olduğu onun diqqətinə çatdırılmışdır. Lakin həmin bildirişin X3 təqdim edilməsi barədə hər hansı məlumat materiala əlavə edilməmişdir. Bundan başqa inzibati xəta haqqında işə 19.09.2021-ci il tarixdə yox, 22.09.2021-ci il tarixdə baxılmış və qərar qəbul edilmişdir. Həmin tarixdə inzibati xəta haqqında işə baxılması ilə əlaqədar E.İbrahimova məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Göründüyü kimi X2 barəsində səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işə baxılarkən işə baxılmanın vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verilməmiş, eləcə də onun öz sübutlarını təqdim etməsi, barəsində aparılan icraat çərçivəsində izahat vermək hüquqları təmin edilməmişdir. Bu isə işə baxılarkən işin bütün hallarının araşdırılmadığını göstərir. Buna görə də həmin icraat çərçivəsində qəbul edilmiş qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X15 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. Gəncə şəhər Baş Polis İdarəsinin X16 Şöbəsinin mayoru X5 22.09.2021-ci il tarixli, TP ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X16 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar