Məhkəmə qərarları › İş №3(043)-689/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-689/2020

21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-689/2020 21.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 iştirakları ilə, Şəxs (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli 11000-1377/20 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında xx xxxxxxx 2020-ci il tarixli 11000-1377/20 nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Goranboy rayonu, ünvan 1 qeydiyyatda olan və yerləşən Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 99LS316/99ZD316 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində xx.xx.2020-ci il tarixdə Qırmızı Körpü gömrük postundan daxil olaraq təyinatı üzrə rəsmiləşləşdirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinə gəlmiş və xx.xx.2020-ci il tarixli **********8261 nömrəli Yük Gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara xx.xx.2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin İnzibati binasının həyətində Gömrük Əməliyyatları İdarəsinin əməkdaşları tərəfindən mal sahibinin və hal şahidlərinin iştirakı ilə gömrük baxışı keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin içərisində **********8261 nömrəli bəyannamədə bəyan edilən mallardan əlavə bəyannamədə göstərilmiş, bəyan edilməmiş 1 ədəd traktora asılan gübrə səpələyici makina, 5 ədəd gübrə səpənin kardanı, 10 ədəd manşun (1/4 erkek-3/8 dişi) aşkar edilərək saxlanılmışdır. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X3 Şöbəsində xx.xx.2020-ci il tarixdə 11000-1377/20 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. İş üzrə xx.xx.2020-ci il tarixdə əmtəəşunaslıq ekspertizası təyin olunmuş, aşkar edilən malların 1 ədəd traktora asılan gübrə səpələvici makina, 5 ədəd gübrə səpənin kardanı, 10 ədəd manşun (1/4 erkek-3/8 disi) xx.xx.2020-ci il tarixinə olan bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixli, 1600-013/0xx-xx/017391 saylı məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının ’’Azərekspertiza” Birliyinə müraciət olunmuşdur. “Azərekspertiza” Birliyinin xx.xx.2020-ci il tarixli 37-G saylı ekspert rəyinə əsasən təqdim edilən 1 ədəd traktora asılan gübrə səpələvici makinanın orta bazar qiyməti 900 (doqquz yüz) manat; 1 (bir) ədəd gübrə səpənin kardanın orta bazar qiyməti 200 (iki yüz) manat, 5 (beş) ədədinin orta bazar qiyməti 1000 (min) manat; 1 ədəd mansun (kardanın- 1/4 erkek-3/8 disi) orta bazar qiyməti 10 (on) manat, 10(on) ədədinin orta bazar qiyməti 100 (yüz) manat təşkil edir. Ümumilikdə malların dəyəri 2000 (iki min) manat müəyyən edilmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X6 izahatında bildirdi ki, şirkət tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində qısa idxal bəyənnaməsini mallar ölkə ərazisinə gəlmədən tərtib edilmişdir və lakin malları göndərən şirkət tərəfindən əlavə malların da olması barədə məlumatları olmamışdır. Bu səbəbdən həmin mallar bəyan edilməmişdir. Odur ki, hüquqi şəxsin barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertizası” Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 37-G saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd traktora asılan gübrə səpələyici makinanın orta bazar qiyməti 900 (doqquz yüz) manat, 1 ədəd gübrə səpənin kardanının qiyməti 200 (iki yüz) manat, 5 ədədinin orta bazar qiyməti 1000 (min) manat, 1 ədəd manşunun (kardanın) (1/4 erkək-3/8 dişi) orta bazar qiyməti 10 (on) manat, 10 ədədinin qiyməti 100 (yüz) manat məbləğində qiymətləndirilməklə, malların ümumi dəyərinin 2000 (iki min) manat olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hüquqi şəxsin nümayəndəsinin etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanınxarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasının aşağı həddində cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Ona görə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri də Şəxs MMC-dən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan 2000 manat dəyərində malların dəyərinin 40 % (qırx faizi), yəni 800 manat məbləğində cərimə tətbiq edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən – 50 (əlli) manat pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza Birliyi”nə ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar