Məhkəmə qərarları › İş №3(043)-689/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-689/2021

12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-689/2021 12.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirib, müəyyən e t d i m: Goranboy Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqında material daxil olmuşdur. İnzibati xəta haqqında materialı nəzərdən keçirərkən müəyyən olundu ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 529.3-cü maddəsi ilə protokokl tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş, lakin inzibati xəta haqqında iş üzrə qərarın kağız daşıyıcıda çap olunaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada verilməsini təsdiq edən sənəd inzibati materiala əlavə olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırmadan bəhs edən İXM-in 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. İXM-in 125.2.3 və 125.3-cü madəsinə əsasən inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istifadəçisinə (həmçinin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs) rəsmi qaydada verilir; Nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1-125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. İXM-in 125.8-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz Göründüyü kimi İXM-in 125.2.3 və 125.3-cü madəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istifadəçisinə (həmçinin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs) rəsmi qaydada verilir və nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1-125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilir. Lakin təqdim olunmuş materiala inzibati tənbeh vermə haqqında qərar və internet informasiya resursunda yaradılmış elektron kabinetdə inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatın yerləşdirilməsi əlavə olunmamışdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Hesab edirəm ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə olan inzibati material natamam olduğundan və tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında material onu tərtib etmiş orqana- Goranboy Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109- cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə olan inzibati material onu tərtib etmiş orqana-Goranboy Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar