Məhkəmə qərarları › İş №3(043)-69/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-69/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-69/2022 25.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər prokurorunun böyük köməkçisi X7, Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-in polis sahə rəisi polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 və zərərçəkmiş şəxs X6 iştirakı ilə, 04.05.1985-ci ildə Goranboy rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Goranboy rayonu, Bəşirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X24 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X17 tərəfindən X11 əməlində X8 döydüyü üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Amid Qasımov barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraatın başlanılmasına və qərarın baxılması üçün Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-yə göndərilməsinə qərar vermişdir. Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-in polis sahə rəisi polis mayoru X9 tərəfindən X24 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14.01.2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, 26.11.2021-ci il tarixdə X2 Rafiq Tofiq oğlunu aralarında baş vermiş torpaq üstündə mübahisə zamanı döymüşdür. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə şəhər prokurorunun böyük köməkçisi X15 izahat verərək bildirdi ki, 29 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X3 şəhər prokurorluğuna müraciət edərək Gəncə şəhəri, Nizami RPİ-nin əməkdaşı X5 və onun yanında adını bilmədiyi şəxs tərəfindən döyüldüyünü bildirmiş, material üzrə araşdırmanın aparılması ona həvalə edilmiş, X6 müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Gəncə şəhər prokuroru A.S.Qarayev tərəfindən X11 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraatın başlanılmışdır. O, X24 oğlu barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-in polis sahə rəisi polis mayoru X1 Amid Adil oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X24 oğlu izahat verərək göstərdi ki, 2021-ci il noyabr ayının ortalarında Gəncə şəhəri, Məhsəti prospektində yerləşən torpaq sahəsində gəzən zaman Rafiq adlı şəxsin tanışı Azər Şahverdiyevə məxsus torpaq sahəsində hərəkət etdiyini görüb ona yaxınlaşmış, torpaq sahəsinin Azərə məxsus olduğunu bildirmişdir. Bu zaman Rafiq torpaq sahəsinin ona məxsus olduğunu bildirib həmin torpaq sahəsini heç kimə verməyəcəyini söyləmişdir. O isə Rafiq adlı şəxsə torpaq sahəsinin onun olmadığını bildirərək torpaq sahəsindən çıxmağını söyləyib sənədlərinin saxta olduğunu bildirmiş, Rafiq isə ona etiraz edərək torpaq sahəsindən çıxmayacağını bildirərək ona qarşı əl-qol hərəkətləri etmişdir. Həmin vaxt o, Rafiqin yaxasından tutaraq onu itələyib torpaq sahəsindən çıxmağını bildirmiş, aralarında mübahisə etdikdən sonra həmin əraziyə tanışı Azər də gəlmişdir. Bundan sonra Rafiq həmin ərazidən uzaqlaşmışdır. O, Rafiqi vurmamış və döyməmişdir. Aralarında kifayət qədər yaş fərqi olduğu üçün o belə hərəkət etməzdi. Eləcə də Rafiqi Azər və ya başqa şəxs də vurmamışdır. Onunla Rafiq arasında sözlü mübahisə olmuş, mübahisə zamanı isə Rafiqi yaxasından tutub itələmişdir. Buna görə də hesab edir ki, onun barəsində olan icraata xitam verilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 bildirdi ki, 2016-cı ildə ona Gəncə şəhər İcra hakimiyyətindən Gəncə şəhər, Səbuhi Əliyev küçəsində yerləşən 4 sot torpaq sahəsi verilmişdir. 2016-cı ildə ora 1 maşın daş tökdürsə də, orada tikinti işləri apara bilməmişdir. Ara-sıra torpaq sahəsinə baş çəkmiş, həmin vaxtdan indiyə qədər torpaq sahəsi ilə bağlı heç kimlə mübahisəsi olmamışdır. 26.11.2021-ci il tarixdə 17 radələrində o Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən torpaq sahəsinə baxış keçirmək üçün ora getmiş, torpaq sahəsinə tökdüyü daşın orada olmadığını görmüşdür. Yaxınlıqda bir nəfər şəxsin ekskavatorla qazıntı işləri apardığını görüb ondan onun da torpaq sahəsinin sərhədləri boyunca qazıntı aparmasını xahiş etmişdir. Sərhəd boyunca qazıntı aparılacaq yeri bilməsi üçün iplər çəkmişdir. Bu zaman oraya “Niva” markalı avtomobildə adının sonradan Azər olduğunu bildiyi polis işçisi, onun tanışları Ramin və Amid adlı şəxslər gəlmişdir. Azər ona yaxınaşaraq dərhal onu yumruq və təpiklə vurmağa başlamış, Amid də onunla birlikdə onu təpiklə vurmuşdur. Azər ona torpaq sahəsindən çıxıb getməsini, torpağın özünə məxsus olduğunu bildirmişdir. Ramin isə onları aralaşdırmağa çalışmışdır. Azər və Amid onu döydükdən sonra o, yolun kənarına çıxmış, bundan sonra bir avtomobilə əyləşərək evinə getmişdir. Səhəri gün Kəpəz RPİ-yə və Gəncə şəhər prokurorluğuna gedərək şikayət etmişdir. Onu əsas döyən şəxs Azər olmuş, lakin onun barəsində heç bir tədbir görülməmişdir. Hazırda Amiddən də şikayətçidir və onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 23 dekabr 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər prokurorunun böyük köməkçisi X15 tərəfindən X6 Gəncə şəhər Nizami RPİ-nin əməkdaşı X5 və onun yanında olan tanımadığı şəxs tərəfindən döyülməsi barədə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, X11 barəsində İXM-in 157-ci maddəsi ilə inzibati icraat başlanılaraq Gəncə şəhəri Kəpəz RPİ-yə göndərilməsi qərara alınmışdır. “İnzibati xətaya dair icraat başlamaq haqqında” 23 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən X24 oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmış və qərar baxılması üçün Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının 27.11.2021-ci il tarixli 1939 saylı rəyindən məlum olur ki, X6 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol qulaq seyvanının qançırı və burun nahiyyəsinin sıyrığı-bərk küt əşyanın (əşyaların) təsiri nəicəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 26.11.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X24 oğlunun Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, özünün qismən etirafedici izahatı və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, X24 oğlunun hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. A.Qasımov zərərçəkmiş şəxslə mübahisə edib əlbəyaxa olduğunu, onu sinəsindən tutaraq itələdiyini etiraf etmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə X6 26.11.2021-ci il tarixdə dərəcəsi təyin edilməyən xəsarətlər alması müəyyən edilir. Buna görə də A.Qasımovun zərərçəkmiş şəxsi döyərək ona xəsarət yetirməsi, beləliklə də İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də X24 oğlu təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X24 oğlunın ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, X24 oğlunın qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar