Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-692/2021 12.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 12.10.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 12.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-7825/2017 saylı 23.11.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2 uşağın yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay 273.20 manat məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi müvafiq olaraq 10.01.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Bundan sonra o, idarəyə çağırılmış və aliment borcunu ödəməsi tələb edilmişdir. Lakin, borclu icraat dövründə 7637,2 manat aliment ödənişi etmiş və bugünkü tarixə borclunun 4930 manat qalıq aliment borcu yaranmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədi üzrə ödənişlərini vaxtında yerinə yetirmir. Borclunun 5757,20 manat aliment borcu məhkəmənin 19.11.2020-ci il tarixli qətnaməsinə əsasən silimişdir. Bundan sonra borclunun aliment borcu yenidən hesablanmış və 05.02.2021-ci il tarixə aliment borcunun 4517,60 manat olması müəyyən edilmişdir. Həmin vaxtdan sonrakı dövrdə borclu cəmi iki dəfə, 10.03.2021-ci il tarixdə 1000 manat və 12.10.2021-ci il tarixdə 500 manat aliment borcundan ödəniş etmiş və onun hal-hazırda 4930 manat aliment borcu qalmışdır. Borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunu üzrsüz səbəbdən ödəmədiyindən və bu hal onun əməlində İXM-in 528.1-ci maddəsinin tərkibini yaratdığından, bu barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, borclu barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, pandemiya səbəbindən işləyə bilmədiyi üçün maddi imkanı alimenti ödəməyə imkan verməmişdir. Eyni zamanda tələbkar uşaqlarını onunla ünsiyyətdə olmağa mane olur. Bu səbəbdən alimenti ödəmək istəməmişdir. Buna baxmayaraq icra sənədi üzrə borcunu ödəmək niyyətindədir. Lakin, maddi imkanı səbəbindən ödəyə bilmir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi X2 izahatında bildirdi ki, Şəxs tələbkara olan borcunu ödəməkdən qəsdən yayınır. Onun hal-hazırda icra sənədi üzrə 4930 manat ödənilməmiş aliment borcu qalmaqdadır. Odur ki, onun barəsində qanunamüvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23.11.2017ci il tarixli, 2(043)-7825/2017 saylı icra sənədindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 12 sentyabr 2009-cu ildə doğulmuş X7 və 28 fevral 2013-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər bir uşağa 136,60 (yüz otuz altı manat altmış qəpik) manat olmaqla, iki uşağa görə cəmi 273,20 (iki yüz yetmiş üç manat iyirmi qəpik) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23.11.2017-ci il tarixli, 2(043)-7825/2017 saylı icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş borclu Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, ona icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında verdiyi izahatından görünür ki, borclu tələbkarın ona uşaqları ilə görüşməyə mane olduğunu əsas gətirərək, aliment borcunu ödəmədiyini bildirsə də, bu hal onu aliment borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmış, onun hal-hazırda 4930 manat ödənilməmiş aliment borcu qalmaqdadır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş aliment borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-692/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-692/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver