Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-693/2021 13.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. 13.10.2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, 13.09.2021-ci il tarixdən 14.09.2021-ci il tarixə keçən gecə Şəxs Gəncə şəhəri, Məhsəti qəsəbəsində Arzu marketin yaxınlığında yerləşən su artezianının ümumi dəyəri 95 manat olan 24 metr uzunluğunda kabelini kəsib oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi polis mayoru X3 13.09.2021-ci il tarixdən 14.09.2021-ci il tarixə keçən gecə Şəxs Gəncə şəhəri, Məhsəti qəsəbəsində Arzu marketin yaxınlığında yerləşən su artezianının ümumi dəyəri 25 manat olan 24 metr uzunluğunda kabeli kəsib oğurlamışdır. Əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və inzibati qaydada tədbir görülməsi barədə qərar qəbul edilmişdir. Aparılmış araşdırma zamanı həmin oğurluq əməlinin Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, 13.09.2021-ci il tarixdən 14.09.2021-ci il tarixə keçən gecə Gəncə şəhəri, Məhsəti qəsəbəsində Arzu marketin yaxınlığında yerləşən su artezianının təxminən 25-30 metr uzunluğunda olan 3 ədəd kabelini kəsib oğurlamışdır. Cəmi 25-30 metr olan həmin kabellərin üzünü soyduqdan sonra içinin misini tanımadığı səyyari dəmir alana 10 manata satmışdır. Hazırda törətdiyi əməldən peşmandır, ona yüngül tənbeh verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının 24 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, X2 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən, açıq torpaq sahəsində olan arteziandan 24 metr uzunluqda 95 manat dəyərində kabelin oğurlanması faktına görə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığından rədd edilmişdir. Şəxs gizli yolla özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, inzibati xəta haqqında protokolla sübuta yetirilir. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətdən və tənbehdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 13.10.2021-ci il saat 12:15-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-693/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-693/2021
13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver