Məhkəmə qərarları › İş №3(043)-7/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-7/2022

06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-7/2022 06.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər DYPŞ yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X1 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 12.12.2021-ci il tarixdə istifadəsində olan “Vaz 21214” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çoxavazlı səs siqnalı quraşdıraraq idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş leytenantı X2 tərəfindən protokol tərtib edilərək baxılması üçün Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhər DYPŞ yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X2 bildirdi ki, Şəxs 12.12.2021-ci il tarixdə istifadəsində olan “VAZ 21214” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, N.Nərimanov prospektindən Ş.İ.Xətai prospektinə dönərkən çoxavazlı səs siqnalından istifadə etdiyi üçün saxlanılmış, avtomobil Gəncə şəhər DYPŞnin həyətinə gətirilərək həmin siqnal sökülərək götürülmüş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında göstərmişdir ki, “Vaz 21214” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili bir müddət əvvəl almışdır. Avtomobili alarkən üzərində çoxavazlı səs siqnalı olmuş, həmin siqnalı sökməmişdir. 12.12.2021-ci il tarixdə siqnaldan istifadə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və siqnal sökülərək onun barəsində protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş: 15.12.2021-ci il tarixli İXP ******* saylı protokoldan məlum olur ki, “VAZ 21214” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs tərəfindən nəqliyyat vasitəsinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalı ilə təchiz edilməsi aşkar olunmuşdur. Şəxs izahatında protokolla tanış olduğunu və razı olduğunu bildirmişdir. “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akt”dan məlum olur ki, “VAZ 21214” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil 12.12.2021-ci il tarixdə saxlanca qəbul edilmişdir. Aktdan məlum olur ki, Gəncə şəhər DYPŞ-nin duracağında saxlanılan “Vaz 21214” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış çoxavazlı səs siqnalı Şəxs iştirakı ilə sökülərək götürülmüşdür. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. Həmin maddənin İX hissəsinə əsasən bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yol hərəkəti haqqında Qanunun 1 saylı Əlavəsinin Vİİ bəndinin 8-ci hissəsində operativ və xüsusi xidmətlərə məxsus olmayan nəqliyyat vasitələrində dövlət standartlarında nəzərdə tutulmuş işartılı mayakcıqlardan, səs çaları növbə ilə dəyişən səs siqnallarından və rəng qrafikası sxemlərindən istifadə olunması nəqliyyat vasitəsinin nasazlığına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs əsas tənbeh kimi törətdiyi inzibati xətaya görə nəzərdə tutulmuş sanksiyanın orta həddində inzibati cərimə tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olmaq üçün kifayət hesab edir. Eyni zamanda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan maddənin sanksiyasında əlavə tənbeh kimi inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi nəzərdə tutulduğundan Şəxs məxsus olan, akta əsasən götürülmüş və məhkəmənin inzibati binasında saxlanılan bir ədəd çoxavazlı səs siqnalı dövlət nəfinə müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 650 (altı yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məxsus olan, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd çoxavazlı səs siqnalı dövlət nəfinə müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar