Məhkəmə qərarları › İş №3(043)-72/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-72/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-72/2022 21.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, şikayət verən şəxs X1 iştirakı ilə, X1 DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi məlumat xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul olunmuş 13.01.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X2 DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi məlumat xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul olunmuş 13.01.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X2 şikayəti müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikası DİN BDYPİ-in mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən onun barəsində 13.01.2022-ci il tarixdə inzibati təhbeh vermə haqqında qərar qərar qəbul olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Belə ki, 13.01.2022-ci il tarixli inzibati xəta haqqında qərar tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, o, 13.01.2022-ci il tarixdə özünə məxsus ** DU *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı minik avtomobili ilə Biləsuvar rayonundan Gəncə şəhərinə qayıtmışdır. O, yol hərəkəti qaydalarına tam olaraq riayət etmişdir. Yol kənarında surət həddini göstərən yol hərəkət nişanının tələbinə uyğun olaraq avtomobili idarə etmişdir. Yolda olarkən ona ASANPAY xidmət növündən SMS gələrək onun yolda müəyyən edilmiş hərəkət surətini 50 km/saat həddində aşdığı bildirilmişdir.Həmin ərazidə surət həddini göstərən yol nişanı nədə ki radar işarəsi olmamışdır. Belə ki, onun surətinin GPS:39.765263.47.885857 nömrəli aparat vasitəsilə çəkilməsi müəyyən edilmiş və həmin ərazi səhralıq bir ərazi olmuşdur. Sözügedən inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın “GPS:39.765263.47.885857” nömrəli kamera vasitəsi ilə qeydə alındığı göstərilmişdir. Həmin kameranın adından da göründüyü kimi, təhlükəsizlik kamerasıdır və yalnız müşahidə üçün nəzərdə tutulmuşdur. Həmin kameranın inzibati xəta hadisəsinin qeydə almaq və avtomatik inzibati xətanı aşkar edərək inteqrasiya etmək onun nəticəsində elektron qərar qəbul etmək funksiyası yoxdur. Təsadüf deyil ki, bu kamera İXM-nin 81-ci və 100.1.8-ci maddəsi ilə nəzərdə tutulmuş tələblərə cavab vermir. Ona görə də elektron qərarda həmin kameranın göstəriciləri əks olunmamışdır. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə qərarından şikayət verilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 133.2.4-ci maddəsinə əsasən qərarından şikayət verilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən X1 bərəsində İXM-in 328.3-cü maddəsi ilə qəbul olunmuş 13.01.2022-ci il tarixli EQ ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətə əlavə olunmuş - Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasıyev tərəfindən təsdiq edilmiş 13.01.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Mersedes Benz C180 minik markalı 20DU283 qeydiyyat nömrəli avtomobilin istifadəçisi X2 İXM-in 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın (Yolda müəyyən edilmiş hərəkət sürətini 50 km/saat həddində aşmışdır) törədilməsinə görə 150 manat inzibati cərimə edilmişdir . Həmin qərarda hadisəni əks etdirən fotoşəkildən görünür ki, inzibati xətanın baş verməsi “GPS:39.765263.47.885857” nömrəli kamera vasitəsi ilə qeydə alınmaqla inzibati xətanın törədildiyi yer göstərilməmiş, bununla belə həmin ərazidə surət həddini müəyyən edən məlumat nişanının və radar xəbərdarlıq nişanının mövcudluğu müəyyən edilməmişdir. Yol hərəkəti haqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin Vİİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin müəyyən olunmuş hallarından görünür ki, inzibati xətanın törədildiyi yer göstərilməmiş, fotoşəkildə əks olunan ərazidə nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitənin (radarın) və qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi”nin servis nişanının və əlavə surət həddini məhdudlaşdıran məlumat nişanının mövcud olması həmin fotoşəkilə baxış zamanı aşkar olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin edilməli, DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi məlumat xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul olunmuş 13.01.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin edilsin. X1 barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasiyev tərəfindən qəbul olunmuş 13.01.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və İXM-in 328.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar