Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-722/2021 18.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, X2 barəsində Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin Xüsusi İşlər üzrə rəis müavini tərəfindən qəbul edilmiş 12.08.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş ərizə üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdi: Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin Xüsusi İşlər üzrə rəis müavini Elnur Həsənov tərəfindən qəbul edilmiş 12.08.2021-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X2 ərizə verərək, ona yazılmış cərimənin silinməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ona cərimə təyin edilən vaxt o, tibbi maskadan istifadə etmişdir, sadəcə danışdığı zaman maska aşağı düşdüyünə görə cərimə tətbiq edilmişdir. Bu səbəbdən onun barəsində tətbiq olunmuş 100 manat məbləğində cərimənin ləğv edilməsini zəruri hesab edir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X2 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Belə ki, inzibati xətalar haqqında qanunvericiliyə əsasən inzibati xəta haqqında işlər üzrə qərarlardan yalnız şikayət verilə bilər və şikayət verilərkən mübahisələndirilən qərar və qərarın hansı tarixdə əldə edilməsinə dair sübutlar mütləq şəkildə şikayətə əlavə olunmalıdır. X2 isə inzibati xəta haqqında qərardan şikayət deyil, müraciətini “ərizə” formasında məhkəməyə təqdim etmiş, ərizəsində qərarın ləğv edilməsini deyil, ona yazılan cərimənin ləğv edilməsini xahiş etmiş, həmçinin ərizəsinə mübahisələndirilən qərarın hansı tarixdə əldə edilməsinə dair sübutlarını təqdim etməmiş, bununla da onun inzibati tənbeh vermə haqqında qərarı İXM-in 130.1-ci maddəsində nəzərdə tutulan müddət (10 gün) ərzində mübahisələndirməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, X3 tərəfindən verilmiş ərizədə onun yaşadığı ünvan da göstərilməmişdir. Belə olan vəziyyətdə ona məhkəmə iclasının vaxtı və yeri barədə də bildiriş göndərmək mümkün deyil. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməsi müəyyən edilmədiyindən, eləcə də inzibati tənbeh vermə haqqında qərardan şikayəti qanunla müəyyən edilmiş məzmunda tərtib edib məhkəməyə təqdim etmədiyindən, verilmiş ərizə ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin Xüsusi İşlər üzrə rəis müavini tərəfindən qəbul edilmiş 12.08.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-722/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-722/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver