Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-726/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, 03.07.1973-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis leytenantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 20 oktyabr 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 18.10.2021-ci il tarixdə saat 18:40-da ünvan 1 ünvanında yüksək səslə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-də sərxoş vəziyyətdə iş prosesinə mane olmuşdur. Bununla da onun tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis leytenantı X7 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs yaşadığı evində ailə münaqişəsi yaratmış, həmçinin Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək şikayət etmişdir. Şəxs ünvan 1 ünvanında nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs həyat yoldaşını döymüş və ona xəsarət yetirmişdir ki, bununla bağlı təhqiqatda araşdırma aparılır. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o həmin hadisənin şahidi olmamış, raportda onun adı göstərilməsinə baxmayaraq o, əməliyyat qrupunun tərkibindən Şəxs yaşadığı mənzilə getməmiş, raport əsasında onun tərəfindən qeyd edilən protokol tərtib edilmiş, şahid və sübutların məhkəməyə təqdim edilməsi onların imkanı xaricindədir, məhkəməyə təqdim edilmiş mövcud material üzrə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, özünə məxsus evdə mübahisə salmışdır. Həmin vaxt spirtli içki qəbul etmişdir. Həyat yoldaşı ilə mübahisələri düşmüşdür və ona görə problem yaranmış, həyat yoldaşını döymüşdür və hər ikisi Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək şikayət etmişlər. Polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməsini və onların qanunu tələblərinə tabe olmamasını xatırlamır. Əgər belə hallar yol vermişdirsə hansı sübutlarla təsdiqlənir. Hadisə ilə bağlı heç bir şey xatırlamır. Sonda Şəxs göstərilənlərə əsasən təqsiri olmadığı üçün barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 ifadə verərək, Şəxs ictimai qaydanın pozmamasını, pozduğu barədə sübutların və ya hal şahidləri olmadığından sonuncunun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olması sübuta yetirilmədiyindən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in Növbətçi hissəsinin məsul növbətçisi, polis kapitanı Əli İsmayılov tərəfindən tərtib edilmiş 18.10.2021-ci il tarixli raportdan görünür ki, 18.10.2021-ci il tarixdə saat 18:40 dəqiqədə Gəncə şəhəri Natavan qəsəbəsində yaşayan Şəxs AR-sı DİN-nin 102 zəng xidmətinə müraciət edərək, arvadını öldürməyə getməsini və 18.10.2021-ci il tarixdə saat 19:00 dəqiqədə Gəncə şəhəri Natavan qəsəbəsində yaşayan X6 AR-sı DİN-nin 102 zəng xidmətinə müraciət edərək, əri Şəxs tərəfindən döyülməsini bildirmişdir. Həmin məlumatlar əsasında Kəpəz RPİ-nin əməliyyat qrupunun üzvləri sahə rəisləri Seymur Xəlilov, Elvin Hünbətov, əməliyyatçı Rəşad Cəfərli və təhqiqatçı Əli Əlizadə hadisə yeri olan Gəncə şəhəri Natavan qəsəbəsinə göndərilmişdir. Elburus Məmmədzadə hadisə yerində nalayiq ifadələr işlədərək ictimai asayişi pozduğundan və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması səbəbi ilə Kəpəz RPİ-nə gətirilmişdir. Kəpəz RPİ-də Şəxs ünvanvansız olaraq nalayiq ifadələr işlədərək onun qanuni tələblərinə tabe olmayaraq sərxoş olduğundan başını divara vuraraq özünə xəsarətlər yetirərək Kəpəz RPİ-nin Növbətçi hissəsinin iş prosesinə mane olmuşdur. İş materiallarına əlavə edilmiş inzibati tutma protokolundan görünür ki, Şəxs 18.10.2021-ci il tarixdə 19:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan 18 oktyabr 2021-ci il tarixli, 1253/2021 saylı tibbi müayinə protokolunun surətindən görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Xırda xuliqanlıq inzibati xətasının obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Barəsində icraat aparılan şəxsin izahatından və məhkəməyə təqdim edilmiş materialdan məlum olur ki, Şəxs ictimai qaydanı pozmasına dair hər hansı bir mötəbər sübut yoxdur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmasını müəyyən etmək mümkün deyildir. Digər tərəfdən polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən Şəxs onların qanuni tələblərinə məhəl qoymaması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut, o cümlədən şahidlər təqdim edilməmişdir. Həmçinin, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis leytenantı X7 məhkəmə iclasında həmin hadisənin şahidi olmadığını, raportda adı göstərilməsinə baxmayaraq o, əməliyyat qrupunun tərkibində Şəxs yaşadığı mənzilə getmədiyini, raport əsasında onun tərəfindən qeyd edilən protokol tərtib edildiyini, şahid və sübutların məhkəməyə təqdim edilməsi onların imkanı xaricində olmasını, məhkəməyə təqdim edilmiş mövcud material üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Bu halda məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxsdən bu hərəkətləri etmədiyini sübut etməsini tələb etmək təqsirsizlik prezumpsiyasına ziddir. Bu baxımdan Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın da tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallarla Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin mövcud olması sübuta yetirilməmişdir. Buna görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 ödənilməsi üçün işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 18 (on səkkiz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs hüquqi yardım göstərilməsinə görə müdafiəçi X2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-726/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-726/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver