Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-727/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin Kəpəz rayon Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Şorəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin Kəpəz rayon Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 20 oktyabr 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 15.10.2021-ci il tarixdə Gəncə şəhəri, Dubay bazarı ərazisində X3 məxsus “Agro Mall” bitki mağazasından 71 manat pul oğurlamışdır. Bununla da onun tərəfindən İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin Kəpəz rayon Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X4 protokolda qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, 15.10.2021-ci il tarixdə səhər saat 10 radələrində Gəncə şəhərinə uşağını xəstəxanaya aparmaq üçün gəlmiş, uşağı və həyat yoldaşını xəstəxanaya qoyduqdan sonra bir neçə şey almaq üçün Gəncə şəhərində Dubay bazarı adlanan yerə getmişdir. Bazarın içərisində “Agro Mall” adlı mağazanı xırdavat mağazası hesab edib alacağı şeylərin orada olduğunu zənn edərək içəri daxil olmuş, bu zaman mağazada heç kimin olmadığını görüb mağazanın içərisində olan kassadan ümumilikdə 71 manat pulu gizli yolla götürmüş və oradan uzaqlaşmışdır. Törətdiyi oğurluq əməlindən peşmandır və hazırda iş üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyərək onunla barışmışdır. Buna görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş edir. Məhkəmə iclasında real vaxt rejimində videokonfrans vasitəsi ilə iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, o, Gəncə şəhərində yerləşən, “Dubay bazarı” kimi tanınan bazarda yerləşən “Agro Mall” adlı mağazanın sahibidir. 15.10.2021-ci il tarixdə saat 12 radələrində onun işlətdiyi mağazanın içərisinə bir neçə müştəri daxil olmuş, müştərilərdən bir neçəsi dərman almış və çıxıb getmişdirlər. Sonra satdığı dərmanların pulunu, yəni 71 manat pulu mağazanın içərisində kassaya qoymuşdur. Sonra yaxınlıqdakı çayxanadan çay almaq üçün getmiş, mağazaya qayıdanda kassaya yenicə qoyduğu 71 manat pulu kassada aşkar etməmişdir. Bundan sonra o, pulun oğurlandığını düşünüb polisə müraciət etmişdir. Hazırda Şəxs ona dəymiş ziyanı ödəmişdir, buna görə də ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının 19.10.2021-ci il tarixli qərarının surətindən görünür ki, X3 məxsus 71 manat pulun oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs gizli yolla özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi və barəsində tərtib edilmiş protokolla sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və onunla barışmasını, eləcə də İXM-in yuxarıda istinad olunan imperativ xarakterli normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-727/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-727/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver