Məhkəmə qərarları › İş №3(043)-750/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-750/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-750/2020 16.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş, “xxxxx” QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən hüquqi şəxs “xxxxx” QSC barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli № 11000-1435/20 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilir ki, ünvan 1 mənzil 58 ünvanda qeydiyyatda olan “xxxxx” QSC (vöen **********) ünvanına Gürcüstan Respublikasından 99UF534/99ZF612 nömrə nişanlı nəqliyyat vasitəsində “Qırmızı körpü” postundan təyinatı üzrə rəsmiləşdirilməsi Gəncə şəhəri, Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilmiş “SABİÇ PP P9421 markalı, Polipropilen qranulları” yükünə dair xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək “xxxxx” QSC tərəfindən gömrük orqanına təqdim edilmişdir. Gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı aşkar olundu ki, “xxxxx” QSC idxal etdiyi yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elekton formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə, inzibati məsuliyyətə səbəb olan əməl hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Həmin Məcəllənin 485.2-ci maddəsində isə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxs və ya hüquqi şəxslərin inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta vəzifəli şəxsin və ya hüquqi şəxsin hərəkətsizliyi ilə törədilən inzibati xətalardan biridir. Məhkəmə hesab edir ki, əgər inzibati xəta hüquqi şəxsin hərəkətsizliyi ilə törədilirsə, bu halda inzibati xətanın törədilmə yeri hüquqi şəxsin hüquqi ünvanının yerləşdiyi yer sayılır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxxx” QSC-nin hüquqi ünvanı ünvan 2 mənzil 58 ünvanda yerləşir və həmin ünvan isə Gəncə şəhəri Nizami rayonunun inzibati ərazi hüdudlarında yerləşir. Belə olan halda, "xxxxx" QSC-yə isnad olunan inzibati xətanın törədilmə yeri də Gəncə şəhəri Nizami rayonu hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: «xxxxx» Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar