Məhkəmə qərarları › İş №3(043)-764/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-764/2021

22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-764/2021 22.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material 22.10.2021-ci il tarixdə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş 22.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 22.10.2021-ci il tarixdə saat 00:00 radələrində A.Səhhət xəstəxanası yaxınlığında polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlədən zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, Şəxs 22.10.2021-ci il tarixdə saat 00:05 radələrində A.Səhhət xəstəxanasının yaxınlığında polis əməkdaşlarına ucadan nalayiq ifadələr işlədən zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 21.10.2021-ci il tarixdə axşam saatlarında dayısı oğlu Nazim Məmmədov və digər bir nəfər şəxslə birlikdə piyada axşam evə qayıdarkən, polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib, şəxsiyyətlərini təqdiq edən sənədlərini istəmişlər. Yanlarında olan digər şəxs azyaşlı olduğuna görə kənarda dayanmışdır. Həmin vaxt dayısı oğlu Nazim şəxsiyyət vəsiqəsini polis əməkdaşına təqdim etmiş, lakin onun vəsiqəsi yanında olmadığına görə təqdim etməmiş, lakin özünün adını, soyadını və atasının adını polis əməkdaşına demişdir. Həmin vaxt polis əməkdaşı əlindəki fənəri onun gözünə tutduğuna görə o polis əməkdaşına sadəcə olaraq fənəri onun gözünə tutmamasını demişdir. Bu zaman polis əməkdaşı Azər Zeynalov onunla aqressiv şəkildə davranaraq onu polis idarəsinə aparacağını və ona sutka verdirəcəyini demişdir. Bu zaman o, heç bir problem yaranmasın deyə sakit tərzdə gedib polis avtomobilində əyləşmişdir. Polis İdarəsinə gedərkən avtomobildə, eləcə Kəpəz rayon Polis İdarəsində çatdıqda orada polis əməkdaşı Azər Zeynalov onu döymüş, ağız və burun nahiyəsinə yumruqla vurmuş, belinə və ayaqlarına təpiklə vurmuş, yerə yıxıb başına təpiklə vurmuşdur. Həmin vaxt Polis İdarəsində olan digər polis əməkdaşları onu Azərin əlindən almışlar. O, heç bir inzibati xəta törətməmiş, ictimai qaydanı pozmamış, polisə tabesizlik göstərməmişdir. Polisin ünvanına heç bir nalayiq ifadə işlətməmiş, polisə müqavimət göstərməmişdir. Bütün hadisə Azər Zeynalovun əlindəki fənəri onun gözünə tutduğuna görə polis əməkdaşına bu barədə iradını bildirdiyinə görə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs onun bibisi oğludur. O, Camal və yanlarında olan digər azyaşlı şəxslə birlikdə 22.10.2021-ci il tarixdə gecə saatlarında Gəncə şəhəri, A.Səhhət adlanan ərazidə evə qayıdarkən, yolda polis əməkdaşları onlara yaxınlaşaraq, şəxsiyyət vəsiqələrini tələb etmişlər. Həmin vaxt o şəxsiyyət vəsiqəsini və xidməti vəsiqəsini təqdim etmiş, Camal isə şəxsiyyət vəsiqəsi yanında olmadığı üçün təqdim edə bilməmişdir. Həmin vaxt o, polis əməkdaşlarına özünün də dövlət qulluqçusu olduğunu, yanında olan şəxsin bibisi oğlu olduğunu demişdir. Bu zaman polis əməkdaşı əlindəki fənəri Camalın gözünə tutduğuna görə, Camal fənəri onun gözündən çəkməsini istəmişdir. Bu zaman polis əməkdaşı Azər Zeynalov əsəbi şəkildə Camalı polis idarəsinə aparacağını demişdir. Bundan sonra polis əməkdaşları Camalı polis maşınına mindirərək Polis İdarəsinə aparmışlar. Bu zaman Şəxs polis əməkdaşlarına heç müqavimət və tabesizlik göstərməmiş, onların ünvanına hər hansı nalayiq ifadələr işlətməmişdir. O, Camalın arxasınca taksi ilə Kəpəz rayon Polis İdarəsinə getmiş, daha sonra orada olmadığını görüb Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. Onun orada da olmadığını görəndən sonra yenidən Kəpəz rayon Polis İdarəsinə qayıtmışdır. Polis İdarəsinə çatanda Camalın ağız və burun nahiyəsinin qan içində olduğunu, özünün isə axsayaraq hərəkət etdiyini görmüşdür. Camaldan nə baş verdiyini soruşduqda, o, Azər adlı polis əməkdaşının onu həm avtomobilin içərisində, həm də Polis İdarəsinin inzibati binasında döydüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, Gəncə şəhəri Abbas Səhhət xəstəxanası yaxınlığında xidmətdə olan zaman 3 nəfər şəxsin yol ilə hərəkət etdiyini görüb, maşını saxlayaraq onlara yaxınlaşmışdır. Özünü təqdim edərək, həmin ərazidə tez-tez oğurluq hadisəsi baş verdiyi üçün, onların şəxsiyyət vəsiqələrini tələb etmişdir. Bu zaman adı ona sonradan məlum olan Şəxs şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək təqdim etməmiş, həmçinin ad və soyadını da ona bildirməmişdir. Onun ad və soyadını deməməsi onda şübhə yaratdığı üçün həmin şəxsi polis maşınına mindirərək Kəpəz rayon Polis İdarəsinə aparmışdır. A.Səhhət xəstəxanasının qarşısında olarkən Camal onlara tabesizlik göstərməmiş, hər hansı formada nalayiq ifadələr işlətməmişdir. Lakin, Şəxs Polis İdarəsinin qarşısına çatdıqda onları söydüyünə görə, maşından düşürən zaman ona fiziki güc tətbiq etmişdir. Şəxs məhz həmin vaxt səs-küy salaraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli 22.10.2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, o, 22.10.2021-ci il tarixdə saat 00:00 radələrində Gəncə şəhəri, A.Səhhət xəstəxanasının yaxınlığında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs Gəncə şəhəri, A.Səhhət xəstəxanasının yaxınlığında ictimai qaydanı pozaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsi, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şahidlər izahatlarında bildirdilər ki, Şəxs Gəncə şəhəri, A.Səhhət xəstəxanasının yaxınlığında polis əməkdaşları onları saxlayarkən heç bir şəkildə ictimai qaydanı pozmamış, polisə tabesizlik göstərməmiş, polis əməkdaşlarının dəvəti ilə polis avtomobilinə minərək Polis İdarəsinə getmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, həmin vaxt polis əməkdaşının Şəxs qarşı irəli sürülmüş hər hansı qanuni tələbi də olmamışdır. Belə ki, polis əməkdaşı Şəxs şəxsiyyətini müəyyən etmək istəmiş, lakin Şəxs üzərində şəxsiyyət vəsiqəsi olmadığına görə o, həmin vaxt öz adını, soyadını və atasının adını şifahi şəkildə polis əməkdaşına demişdir. Şəxs həmin vaxt cinayət törətməkdə şübhəli şəxs kimi saxlanılmamış, polis əməkdaşının onu Polis İdarəsinə aparmasının heç bir hüquqi əsası olmamışdır. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar