Məhkəmə qərarları › İş №3(043)-78/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-78/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-78/2022 28.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 157-ci maddəsi Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsində 25.01.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 11.12.2021-ci il tarixdə ünvan 1 ünvanının qarşısında şəxsi münasibət zəminində yaranmış mübahisə zamanı X1 qolundan tutaraq dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X2 əvvəllərdən tanıyır, onunla eyni binada qonşuluqda yaşayır. Əvvəllər münasibəti yaxşı olmuşdur. Xəyalə Sarıyevanın yaşadığı mənzilə müxtəlif kişilərin gəlib getdiyi üçün Xəyaləyə orada onun ailəsinin yaşadığını və həmin kişilərin gəlib getməsinə narazılığını bildirmişdir. O, Xəyaləyə evinə müxtəlif kişilərin gəlib getməsinə narazılığını bildirdiyi üçün Xəyalə onunla münaqişələr etməyə başlamışdır. X.Sarıyeva dəfələrlə onu və ailə üzvlərini nalayiq sözlərlə təhqir etmişdir. X.Sarıyevanın demək olarki, hər gün onlarla əsassız münaqişə yaratdığı üçün axşam növətçilikdə olarkən arvadı ona zəng edərək Xəyalənin onların evinə yenə də basqın etdiyini bildirmişdir. O, arvadına bildirmşdir ki, əşyalarını qabqarıb hazır olsunlar sərəh tezdən işdən çıxıb gəlib Şəmkir rayonuna köçsünlər. 11.12.2021-ci il tarixdə səhər saat 8 radələrində işdən çıxıb yaşadığı evə gəlmiş, sonra həyat yoldaşı X4, X5 və X6 ilə birlikdə yaşadığı evdən əşyaları ilə birlikdə çıxıb Şəmkir rayonuna getmək qərarına gəlmişdir. O, ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxan zaman həmin vaxt Xəyalə yaşadığı mənzildən çıxıb çıxıb onlarla qarşılaşmış, və onların ünvanına qışqıraraq binanın blokunda onun həyat yoldaşı Günay Babayevaya yaxınlaşıb əl-qol hərəkətləri ataraq nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt o, Xəyalənin qolundan tutaraq onu aralamışdır ki, həyat yoldaşı Günay Babayevanı vurmasın. Təqsirsiz olduğunu göstərərək barəsində inzibati xəta iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. 2012-ci ildə X7 ilə ailə qurmuş, bir azyaşlı övladı var. Ailə vəziyyəti ilə əlaqədar həyat yoldaşı hazırda Rusiya Fedarasiyasında işləyir. Anar adlı şəxs onunla qonşuluqda yaşayır. Əvvəllər Anar və onun ailə üzvləri ilə münasibəti yaxşı olmuş, istifadəsində olan mobil nömrə Anarın həyat yoldaşı Günayda olmuşdur. Son vaxtlar Anar öz arvadının mobil telefonundan ona məxsus mobil nömrəsini götürüb müxtəlif vaxtlarda ona zəng etmişdir. Bundan başqa onunla yaşamağını təklif etmişdir. O, dəfələrlə Anara iradını bildirərək qonşu olduqlarını bildirmişdir. Anar buna baxmayaraq yenə gecə vaxtı ona zənglər etmişdir. O, Anarın hərəkətlərindən əsəbləşib olanları Anarın arvadı Günaya danışmışdır. Həmin vaxtlarda aralarında mübahisə yaranmış, mübahisə ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmiş, mübahisə Kəpəz RPİ-də araşdırma aparılmışdır. 10.12.2021-ci il tarixdə onun ad günü olmuşdur. həmin vaxt Anar 39 saylı tam orta məktəbin qarşısında onun qarşısına çıxaraq ona gül hədiyə verərək ad gününü təbrik etmək istəmişdir. Həmin vaxt o, Anarın hərəkətlərinə narazılığını bildirmişdir. Sonra o, yaşadığı evə getmiş, Anarın arvadı Günaya iradını bildirərək Anarın ondan əl çəkmədiyini demişdir. 11.12.2021-ci il tarixdə saat 08 radələrində yaşadığı evin qapısı yüksək tonla döyülmüş, o, qapını açanda qapının qarşısında qonşusu Anar dayandığını görmüşdür. Həmin vaxt Anar ondan nə üçün Günayı təhqir etdiyini soruşmuşdur. O, isə yaxşı etdiyini bildirmişdir. Bundan sonra Anar ilə onun arasında baş vermiş səs-küyə Günay yaşadığı evdən çıxmışdır. Sonra Anar əli ilə onun sol qolundan tutaraq sıxmış, fiziki ağrılar yetirərək özünə tərəf çəkərək Günay ilə gobud danışmamağı tələb etmişdir. Sonra Anar əli ilə onun baş nahiyəsinə iki dəfə vuraraq onu döymüşdür. Anar onu döyən zaman səs-küyə azyaşlı oğlu X8 onlara yaxınlaşmışdır. Bundan sonra o, əsəbləşib Anarın yaşadığı evin qarşısında quraşdırılmış işıq fanarını sındırmışdır. Şikayətçi olduğunu bildirdi. İnzibati materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin təhqiqat bölməsinin 22.12.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin İTB-in sahə rəisi Elvin Hümbətov tərəfindən tərtib edilmiş, 25.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 11.12.2021-ci il tarixdə ünvan 1 ünvanının qarşısında şəxsi münasibət zəmnində yaranmış mübahisə zamanı X1 qolundan tutaraq dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən X2 döyməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati materiala əlavə olunmuş «Məhkəmə-Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyi» X12 tərəfindən verilmiş sanlı şəxsin ekspertizası haqqında 13 dekabr 2021-ci il tarixli 2033 nömrəli rəydən görünür ki, X.A.Sarıyevanın bədəni üzərində müəyyən edilmiş xəsarət sol bazu nahiyyəsinin qançırı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixə 11.12.2021-ci il tarixdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər aid edildiyindən dərəcəsi təyin edilmir. Hadisənin görüntüsünü əks etdirən DVD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı mənzildən əlində olan əşyalarla ailə üzvləri ilə birlikdə çıxarkən həmin mənzilin əks tərəfində olan mənzildən X.Sarıyeva çıxaraq onlara tərəf qışqıraraq arxaları ilə gedib yenidən qayıdaraq əlindəki ağacla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı mənzildən qapısında olan elektrik fənərini vuraraq sındırır. X.A.Sarıyeva izahatında Şəxs onun baş nahiyyəsindən vurduğunu göstərsə də ekspert rəyində sol bazu nahiyyəsində qançır oğluğu müəyyən olunmuşdur. Yəni Şəxs onun baş nahiyəsindən vurması sübut olunmamışdır. Şəxs özü də ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxan zaman həmin vaxt Xəyalənin yaşadığı mənzildən çıxıb onların ünvanına qışqıraraq binanın blokunda onun həyat yoldaşı Günay Babayevaya yaxınlaşıb əl-qol hərəkətləri ataraq nalayiq ifadələrlə təhqir etdiyi üçün həmin vaxt Xəyalənin qolundan tutaraq onu araladığını göstərmişdir. İXM-in 3-cü maddəsinə əsasən nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXMin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə, inzibati xəta tərkibi olmadıqda, iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəfa haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1,112,114,115,117 və 129-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar