Məhkəmə qərarları › İş №3(043)-784/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-784/2021

04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-784/2021 04.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 iştirakı ilə, Gəncə şəhər Baş Polis İdarəsinin X11 şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 02.10.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin X11 şöbəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 02.10.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15.09.2021-ci il tarixdə ünvan 1 ünvanında etibarnamə üzrə idarə etdiyi 20EA155 dövlət nömrə nişanlı, Toyota Camry markalı minik avtomobili ilə hərəkət edərkən Gəncə şəhər DYPS Yol patrul xidməti inspektoru kiçik polis serjantı X8 tərəfindən saxlanılmışdır. O, qanuna əsasən, onun «saxla» əmrinə riayət etmişdir. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlama səbəbini deyərək, sənədlərini istəmişdir. YPX inspektoru ona bildirmişdir ki, guya o, hərəkət edən zaman svetoforun qadağanedici siqnalında keçmişdir və ona qarşı əsassız olaraq İXP4189880 nömrəli İnzibati Xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, onun hərəkəti zamanı svetoforun yaşıl işığı onun hərəkət anında sarı işığa keçmişdir. Bunu izah edib protokola etiraz etməsinə baxmayaraq YPX inspektoru ona əsassız protokol tərtib etmişdir. Protokol əsasında tərtib olunmuş 02.10.2021-ci il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qeydiyyatda olduğu ünvana 12.10.2021-ci il tarixdə çatdırılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 şikayəti əsassız hesab edərək, izahatında bildirdi ki, o, 15.09.2021-ci il tarixdə Gəncə şəhəri Nizami küçəsində xidmətdə olan zaman, həmin vaxt qarşıdan gələn Toyota Camry markalı 20EA155 dövlət nömrə nişanlı minik avtmobilin sürücüsünün svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyini görmüşdür. Bu səbəbdən həmin avtomobilə “saxla” əmri vermiş, avtomobilə yaxınlaşaraq özünü təqdim etmiş və sürücüyə inzibati xətaya yol verdiyini bildirərək, barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Onun tərtib etdiyi protokol əsasında inzibati tənbeh vermə haqqında müvafiq qərar qəbul edilmişdir. Qərar tam qanunidir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru X8 tərəfindən tərtib edilmiş 15.09.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:09-da Gəncə şəhəri, Nizami küçəsində “Toyota Camry” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyinə görə barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol tərtib edilərkən Şahverdi Bayramov protokolla razılaşmayaraq etiraz etmişdir. İş materiallarına əlavə edilmiş 17.09.2021-ci il tarixli, 4024 nömrəli bildirişdən görünür ki, inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə X3 məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin X11 şöbəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 02.10.2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. X4 şikayətində göstərmişdir ki, o, inzibati xətanın törədilməsində özünü təqsirli bilmir. Belə ki, onun hərəkət anında svetoforun yaşıl işığı onun hərəkət anında sarı işığa keçmişdir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İİİ bəndində svetoforun dairəvi siqnallarının mənaları göstərilmişdir: 1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıbsönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. Həmin Qanunun 60-cı maddəsinin İ-ci bəndində göstərilmişdir ki, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Qeyd olunan maddənin İİ-ci bəndində göstərilir ki, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Həmin maddənin İİİ-cü bəndində göstərilir ki, sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini əks etdirən DVD diskdə olan videoyazıdan görünür ki, yol patrul xidməti avtomobilinin hərəkət etdiyi istiqamətdə bütün avtomobillər svetoforun qırmızı işığı yandığına görə dayanmış, həmin vaxt qarşı tərəfdən gələn Şahverdi Bayramovun idarə etdiyi **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyindən, bunu görən yol patrul xidməti əməkdaşı Şahverdi Bayramovun idarə etdiyi avtomobilin arxasınca gedərək ona “saxla” əmri vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən inzibati xəta haqqında protokolu tərtib etmiş Sahib Orucov da izahatında həmin faktı təsdiq etmişdir. Şahverdi Bayramov şikayətində svetoforun yaşıl işığının onun hərəkət anında sarı işığa keçdiyini bildirsə də, iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini əks etdirən videoyazıdan görünür ki, Şahverdi Bayramovun bildirdiyinin əksinə, həmin vaxt svetoforun yaşıl işığı deyil, qırmızı işığı yanırdı. Çünki, qarşı-qarşıya gələn hərəkət yollarında svetoforun işıqlarının eyni vaxtda qırmızı və ya yaşıl yanması nəzərə alındıqda, Şahverdi Bayramovun idarə etdiyi avtomobil yolayırıcına daxil olmazdan əvvəl onunla qarşı-qarşıya gələn və əks istiqamətdə hərəkətdə olan avtomobillər svetoforun qırmızı işığında dayanmışdılar və Şahverdi Bayramov onların yanında keçərkən həmin avtomobillər üçün svetoforun yaşıl işığı hələ yanmamışdı. Şahverdi Bayramov svetoforun yanından keçərkən sarı işıq yanmış olsa belə, bu onun hərəkətinin davam etdirilməsi üçün əsas ola bilməz. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İİİ bəndinin 6-cı hissəsində göstərilmişdir ki, qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Şahverdi Bayramov svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X11 şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 02.10.2021-ci il tarixli ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər Baş Polis İdarəsinin X11 şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 02.10.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar